AZ

Əkrəm Həsənov: “Qurban ətinin “yeddi qapı” anlayışı dini hökm deyil”

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Müasir elmi və sosial araşdırmalar göstərir ki, paylaşmaq insan psixologiyasına müsbət təsir edir. Sosial yardımlaşma cəmiyyət daxilində güvən hissini artırır, insanlarda mənəvi rahatlıq və daxili məmnunluq yaradır. Harvard və başqq universitetlərdə aparılan bəzi sosial davranış tədqiqatlarında yardım edən insanlarda stress hormonlarının azaldığı, eyni zamanda xoşbəxtlik və məmnunluq hissinin artdığı müşahidə olunub. Bu baxımdan, İslamın əsrlər əvvəl təşviq etdiyi paylaşma mədəniyyətinin bu gün sosial psixologiya elmi tərəfindən də təsdiqləndiyi qeyd edilir.

Bu barədə Bizimyol.info xəbər portalına danışan ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, xalq arasında “qurban əti yeddi qapıya paylanmalıdır” ifadəsi geniş yayılsa da, bu anlayış Quran və səhih hədislərdə vacib hökm kimi yer almır. Onun sözlərinə görə, bu, daha çox cəmiyyət daxilində formalaşmış gözəl bir paylaşma ənənəsidir. “Dinimizin əsas prinsipi ehtiyac sahibini sevindirməkdir. Burada əsas məsələ say deyil, paylaşma ruhudur. İslam alimləri qurban ətinin bir hissəsinin ailəyə, bir hissəsinin qohum və dostlara, bir hissəsinin isə kasıblara verilməsini tövsiyə ediblər. Lakin ‘yeddi qapı’ anlayışı dini hökm deyil, sadəcə sosial paylaşmanı gücləndirən ənənəvi ifadədir. Bəzən bir yoxsul ailəni tam sevindirmək, simvolik olaraq bir neçə evə pay verməkdən daha xeyirli ola bilər”.

O əlavə edib ki, qurban mövzusu ətrafında bəzən fərqli yanaşmalar və tənqidlər də ortaya çıxır: “Bəzi çevrələr heyvan kəsilməsini qəddarlıq kimi təqdim etməyə çalışır. Halbuki dünyada hər gün milyonlarla heyvan qida sənayesi üçün kəsilir. Qurban ibadətində isə əsas fərq niyyət, məsuliyyət, mərhəmət və paylaşmaqdır. İslam heyvana işgəncə verilməsini qəti şəkildə qadağan edir və Peyğəmbərimiz (s.ə.s) heyvanın qorxudularaq kəsilməsini belə bəyənməyib. Burada məqsəd təkcə ət deyil, sosial həmrəyliyin və vicdanın gücləndirilməsidir”.

İlahiyyatçı sonda vurğulayıb ki, Qurban bayramı insanın Allaha yaxınlaşması, ailə bağlarının möhkəmlənməsi, ehtiyac sahiblərinin unudulmaması və nəfsin tərbiyə olunması üçün mühüm mənəvi fürsətdir. “Əgər qurban insanı daha mərhəmətli, daha paylaşan və daha vicdanlı etmirsə, o zaman bu ibadət öz mahiyyətindən uzaqlaşmış olur. Quranın əsas mesajı isə budur ki, Allah formalara deyil, insanın qəlbinə və niyyətinə baxır”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
bizimyol.info

1Mənbələr