AZ

Şuşalı sənətkarın arzusu: İstəyirəm ki, qonaqlar əl işlərimizi xatirə olaraq aparsınlar

Şuşa, 25 may, AZƏRTAC

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri tarixən dekorativ-tətbiqi sənət növlərinin inkişaf etdiyi mərkəzlərdən biri kimi tanınıb. Xalçaçılıq, tikmə və digər əl işləri ilə yanaşı, qurama sənəti də bu qədim şəhərin sənət ənənələrində xüsusi yer tutub. Şuşa şəhər sakini Vəsilə Ələkbərova nənələrdən miras qalan qurama sənətini müasir yanaşmalarla zənginləşdirərək yaşadır və gələcək nəsillərə çatdırmağa çalışır.

Vəsilə Ələkbərova AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bu qədim xalq sənətinə olan sevgisinin ailə köklərindən qaynaqlandığını bildirib: “Qurama bizə nənələrimizdən miras qalan çox qədim sənətdir. Mən də bu sənətin sirlərinə uşaq yaşlarımda nənəmin yanında yiyələnmişəm. Keçmişdə nənələrimizin evdə qalan artıq parçaları birləşdirərək tikdiyi bu əl işlərinə biz bu gün yeni bir nəfəs, müasir çalarlar veririk. Ən böyük qürur və sevincim isə odur ki, mən bu gün Şuşada qədim sənətimizi yaşadır və ruhunu gələcək nəsillərə ötürürəm. Doğma Şuşada bu işlə məşğul olduğum üçün özümü son dərəcə şad hiss edirəm”.

Həmsöhbətimizin yaradıcılığı təkcə qurama ilə məhdudlaşmır. O, həmçinin muncuqlarla və müxtəlif iplərlə nəfis əl işləri də hazırlayır. Sənətkarın kolleksiyasında ən sevimli və onun üçün ən dəyərli nümunə isə Azərbaycan bayrağıdır. Bu bayrağı böyük qürur və fəxrlə işlədiyini deyən Vəsilə xanım, hər bir ilmədə dövlət rəmzimizə olan sonsuz sevgisini ifadə etdiyini bildirir.

Vəsilə xanım və digər Şuşa sakinləri bayram və müxtəlif kütləvi tədbirlər zamanı hazırladıqları əl işlərini tez-tez nümayiş etdirirlər. O, bu sənət nümunələrinin daha geniş auditoriyaya təqdim olunması üçün daimi sərgi və iş məkanının yaradılmasını arzulayır. “İstəyirəm ki, Şuşaya gələn qonaqlar əl işlərimizi görə bilsinlər və onları xatirə olaraq özləri ilə aparsınlar”, – deyə o əlavə edib.

Otuz üç illik həsrətdən sonra Şuşaya qayıdan Vəsilə Ələkbərovanın fəaliyyəti xalq sənətinin yaşadılması ilə yanaşı, həm də tarixi irsimizə və mənəvi yaddaşımıza sahib çıxmağın parlaq nümunəsidir. Onun barmaqlarından süzülən rəngarəng naxışlar doğma torpaqlara qayıdışın, sülhün, Şuşanın dirçəlişinin və milli ruhumuzun təcəssümüdür. Nənələrdən miras qalan qurama və toxuma sənətini müasir yanaşmalarla zənginləşdirən Vəsilə xanım hər ilmədə xalqımızın əsrlərdən gələn sənət ənənələrini, milli dəyərlərini və tarixi yaddaşını gələcək nəsillərə ötürərək bu qədim irsi böyük sevgi və məsuliyyətlə yaşadır. Belə sənətkarların fəaliyyəti bir daha göstərir ki, Şuşa yalnız qədim tarixi və memarlığı ilə deyil, həm də zəngin xalq yaradıcılığı ənənələri ilə yaşayır və inkişaf edir.

Müxbir – Tahir Ağaməmmədov

Seçilən
1
1
azertag.az

2Mənbələr