AZ

Rusiya illərdir Avropaya hücum edir. Artıq oyanmağın vaxtıdır

Böyük Britaniyanın mühafizəkar deputatı Tomas Tuqendhat The Telegraph-da dərc olunan məqaləsində bildirib ki, Kreml Avropaya qarşı uzunmüddətli müharibə aparır və Qərb bu təhlükəyə kifayət qədər sürətli reaksiya vermir...

Poliqon xəbər verir ki, Tuqendhatın sözlərinə görə, Rusiya illərdir müxtəlif əməliyyatlarla Avropa ölkələrində sabitliyi pozmağa çalışır və bu prosesdə onun tərəfdaşları Pekin də müəyyən dəstək göstərir.

Deputat bir sıra nümunələrə istinad edib: 2006-cı ildə London şəhərində Aleksandr Litvinenkonun FSB tərəfindən zəhərlənməsi, 2016-cı ildə Çernoqoriyada parlament çevrilişinə cəhd planı, 2018-ci ildə Solsberidə Skripalların "Noviçok" maddəsi ilə zəhərlənməsi.

Məqalədə həmçinin qeyd olunur ki, 2024-cü ildə Rusiya Moldovada prezident seçkiləri və Avropa İttifaqına inteqrasiya ilə bağlı referendumlara müdaxilə üçün təxminən 200 milyon dollar xərcləyib.

Tuqendhat əlavə edib ki, həmin il Rusiya hərbi kəşfiyyatı (QRU) DHL şəbəkəsi vasitəsilə gizli yandırıcı qurğular göndərib və bunlardan bəziləri Avropadakı anbarlarda yanğınlara səbəb olub.

Deputat hesab edir ki, Qərbin bu cür addımlara reaksiyası kifayət qədər sərt olmayıb. Onun fikrincə, Moskva qarşısında atılan addımlar əsasən diplomatik etirazlar və məhdud sanksiyalarla kifayətlənib ki, bu da Rusiyanın davranışına real təsir göstərməyib.

Tuqendhat vurğulayıb ki, müasir müharibənin dərsləri xüsusilə Ukraynada aydın görünür: ölkə dron istehsalını sürətlə artırır, texnologiyanı tez dəyişir və cəmiyyətin geniş səfərbərliyi ilə müdafiə olunur.

Onun sözlərinə görə, Baltikyanı ölkələr, İsveç, Finlandiya və Polşa bu təcrübədən daha sürətli nəticə çıxarır.

Deputat Böyük Britaniyanın müdafiə siyasətini də tənqid edərək bildirib ki, ordunun ehtiyacları ilə real satınalma siyasəti arasında uyğunsuzluq var və ölkə pilotsuz sistemlərə daha çox fokuslanmalıdır.

Tuqendhat qeyd edib ki, Britaniya ordusuna xidmət etmək üçün böyük maraq var: keçən il 170 minə yaxın gənc müraciət edib, lakin yalnız 10 min nəfər qəbul olunub.

O, həmçinin bildirib ki, hazırda Estoniyada təxminən 1000 britaniyalı hərbçi yerləşdirilib və bu rəqəm yaxın illərdə artırılsa da, mövcud təhlükə fonunda kifayət deyil.

Deputatın fikrincə, NATO-nun şərq cinahında, xüsusilə Estoniya, Latviya, Litva və Polşada daha geniş və davamlı hərbi mövcudluq Rusiya qarşısında daha effektiv çəkindirici rol oynaya bilər.

Poliqon.info

Seçilən
50
poliqon.info

1Mənbələr