AZ

Parlamentin üzvündən Bakının "ağıllı şəhər" siyahısına düşməməsinə cavab: “Qeyri-obyektiv yanaşmadır”

2026-cı il üzrə dünyanın ağıllı şəhərlərinin siyahısında Bakının adının olmaması müzakirə yaradıb. Siyahıda yer alan 148 şəhər iki əsas ölçüyə görə qiymətləndirilib - struktur və texnologiya. Türk dövlətlərindən Astana 104-cü, Ankara 109-cu yerdə qərarlaşıb. Əsas maraqlı məqam isə budur ki, Afrikanin Nairobi, Laqos, Akkra, Abuja, Tunis, Əlcəzair, Keyp Taun kimi şəhərlər də ağıllı şəhər siyahısına düşüb...

 

Bununla bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir.

 

Deputat vurğulayıb ki, paytaxtda Şərq və Qərb memarlığı harmonik şəkildə vəhdət təşkil edir və şəhərə gələn qonaqların məmnunluğu da bunu bir daha təsdiqləyir: “Bakı həm tarixi zənginliyi, həm də müasir infrastrukturu ilə regionun ən diqqətçəkən şəhərlərindən hesab olunur. Lakin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarından danışarkən Azərbaycan daha çox işğaldan azad olunmuş ərazilərdə yenidən qurulan və bərpa edilən yaşayış məntəqələrini nümunə göstərir. Çünki həmin ərazilərdə salınan şəhər və kəndlər müasir “ağıllı şəhər” konsepsiyası əsasında inşa olunur. Burada sosial xidmətlərdən başlayaraq nəqliyyat, kommunal sistemlər və evlərin idarə olunmasına qədər bir çox sahə tam rəqəmsallaşdırılır və innovativ texnologiyalar tətbiq edilir. Bakıda isə rəqəmsallaşma prosesi hələ tam şəkildə yekunlaşmayıb. Bununla belə, son illər bu istiqamətdə mühüm addımlar atılıb. Belə ki, şəhərdə yolların intellektual idarəetmə sistemləri qurulub, bir çox dövlət və ictimai xidmətlər elektronlaşdırılıb, rəqəmsal həllərin əhatə dairəsi isə gündən-günə genişlənməkdədir. Bu baxımdan Bakını hələ tam şəkildə “ağıllı şəhər” konsepsiyasının bütün tələblərinə cavab verən şəhər hesab etmək çətindir. Bunun üçün rəqəmsallaşmanın əhatə dairəsi daha da genişləndirilməli, elektron xidmətlərin əlçatanlığı artırılmalı, şəhər idarəçiliyində innovativ texnologiyaların tətbiqi sürətləndirilməli, xüsusilə, yaşıl enerjidən istifadənin payı yüksəldilməlidir. Bununla yanaşı, artıq bu gün Bakıda tam elektronlaşdırılmış və müasir standartlara cavab verən kifayət qədər xidmət mövcuddur. Bir çox göstəricilər baxımından Bakı açıqlanan reytinqdə yer alan şəhərlərin əhəmiyyətli hissəsindən daha inkişaf etmiş şəhər təsiri bağışlayır. Məhz buna görə də açıqlanmış sıralamada Bakının yer almamasının qeyri-obyektiv yanaşma olduğunu hesab edirəm. Bu qərarda bəzi hallarda real göstəricilərdən daha çox siyasi amillər və ikilistandartlı yanaşmalar rol oynayıb”.

 

Aytəkin Qardaşova

Tarix: 25 May 2026, 11:43   
Seçilən
73
pravda.az

1Mənbələr