AZ

WUF13 də Azərbaycanın bərpa və inkişaf modeli nümunə kimi təqdim edildi

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan dövlətinin böyük strateji iradəsinin məhsulu olan “Böyük Qayıdış” proqramı, sadəcə, insanların öz doğma yurdlarına köçürülməsini nəzərdə tutan humanitar layihə deyil. Bu proqram, eyni zamanda dağıdılmış nəhəng bir regionun sıfırdan, ən müasir elmi və texnoloji prinsiplər əsasında yenidən qurulmasını ehtiva edən qlobal miqyaslı inkişaf modelidir. Ümumdünya Şəhərsalma Forumunda bu təcrübənin beynəlxalq ictimaiyyətə təqdim edilməsi Azərbaycanın münaqişədən sonrakı bərpa prosesində tətbiq etdiyi standartların qlobal rəğbət qazandığının göstəricisidir.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Bəhruz Məhərrəmov danışıb.

Deputatın fikrincə, proseslərin gedişi göstərir ki, Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən və regional inkişaf konsepsiyasını fundamental şəkildə dəyişən bu şəhərsalma modeli, eyni zamanda regional iqtisadiyyatın faktiki drayverinə çevrilməkdədir.

“Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri çərçivəsində rəqəmsal idarəetmə, avtomatlaşdırılmış kənd təsərrüfatı və logistik mərkəzlərin timsalında qurulan infrastruktur regionun iqtisadi potensialını bütövlükdə optimallaşdırmaqla regional miqyasda daha rəqabətqabiliyyətli, xarici investisiyalar üçün cəlbedici və daxili resurslardan səmərəli istifadə edən yeni iqtisadi ekosistem formalaşdırır.

Deputat bildirib ki, cənab İlham Əliyev işğaldan azad edilmiş əraziləri rəsmən “Yaşıl enerji” zonası elan etməklə Azərbaycanı regionun gələcək ekoloji xəritəsini müəyyən edən güc mərkəzinə çevirib. Habelə günəş və külək enerjisindən istifadə, hidroelektrik stansiyaların tikintisi, eləcə də ekoloji təmiz tikinti materiallarının tətbiqi regional səviyyədə iqlim dəyişikliyi ilə mübarizəyə və ekoloji tarazlığın qorunmasına mühüm töhfə verməklə gələcəkdə digər regionlar üçün də dekarbonizasiya və ekoloji dayanıqlılıq baxımından əsas meyarlardan birinə çevrilməkdədir.“Aydındır ki, “Böyük Qayıdış”ın əsas hədəfi keçmiş məcburi köçkünlərin təhlükəsizlik və ləyaqət prinsipləri gözlənilməklə geri qayıtmasıdır. Burada tətbiq olunan “ağıllı” şəbəkələr, yüksək sürətli internet, rəqəmsal məktəblər, teletibb xidmətləri timsalında müasir tibb və təhsil infrastrukturu kənd və şəhər arasındakı fərqi minimuma endirməklə urbanizasiyanın paytaxta və ya böyük şəhərlərə həddindən artıq köçdə ehtiva olunan neqativ tərəflərini önləyən və regional mərkəzləri cazibədar edən yeni sosial konsepsiyadır”, – deyə Bəhruz Məhərrəmov bildirib.

Onun sözlərinə görə, dünyanın müxtəlif münaqişə zonalarında dağıntıların bərpası prosesi adətən uzun illər tələb edir və çox vaxt köhnə infrastrukturun qismən təmiri ilə yekunlaşır. Cənab İlham Əliyev isə bu məsələyə kifayət qədər qətiyyətli və prinsipial yanaşdığı üçün Azərbaycan minalanmış ərazilər fonunda, çətin relyef şəraitində həm sürətli minatəmizləmə, həm də sıfırdan innovativ şəhərsalma həyata keçirməklə göstərir ki, postmünaqişə dövründə bərpa işləri sadəcə keçmişin bərpası deyil, gələcəyin rəqəmsal və yaşıl təməllər üzərində qurulması olmalıdır.

Deputatın fikrincə, bu yanaşmaya lokal proses kimi baxmaq mümkün deyil və cari model həm işğaldan azad edilmiş ərazilərimizi ölkəmizin və bütövlükdə regionun ən qabaqcıl, innovativ və dayanıqlı zonasına çevirir, həm də regionun gələcək inkişaf konsepsiyasını tamamilə dəyişməklə, ələlxüsus “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri ilə Cənubi Qafqazda müasir, rəqəmsal, yaşıl və insan mərkəzli inkişafın yeni standartını müəyyən edir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
bizimyol.info

1Mənbələr