Finlandiya Prezidenti Aleksandr Stubb Avropa İttifaqı (Aİ) adına Rusiya ilə danışıqlarda vasitəçi olmağa hazır olduğunu bəyan edib.
"Cebheinfo.az" xəbər verir ki, Stubb Finlandiyanın "Yle" ictimai yayım şirkətinə verdiyi bəyanatda bu vəzifəyə iddialı olduğunu bildirib.
"Helsingin Sanomat" qəzetinin Aİ-dəki diplomatik mənbələrə istinadən yaydığı xəbərə görə, bu mövzu ilə bağlı müzakirələr hələ başlanğıc mərhələsindədir. Hansı rəsminin danışıqlar aparan şəxs kimi təyin olunacağı, səlahiyyətlərinin miqyası və bu danışıqların ümumiyyətlə, baş tutub-tutmayacağı barədə hələlik dəqiqləşdirmə yoxdur.
Aİ rəsmiləri Ukraynadakı mümkün sülh prosesindən kənarda qalmaqdan narahatlıq keçirirlər. Mənbələr vurğulayırlar ki, ittifaqın bu prosesə daxil ola bilməsi üçün müəyyən addımların atılması mütləqdir.