Bakı–Tbilisi qatarı: Qiymətlərdən hara və necə etiraz etmək lazımdır?
Azərbaycan Dəmir Yolları QSC bu yaxınlarda Bakı–Tbilisi marşrutu üzrə bilet qiymətlərini elə həddə çatdırdı ki, bu qərar cəmiyyətdə birmənalı qarşılanmadı. Çünki bu yanaşma sadə bir tarif yenilənməsi deyildi, əksinə minlərlə vətəndaşın gündəlik həyatına və cibinə birbaşa toxunan bir siyasi-iqtisadi seçim idi. Təbii olaraq, bu seçim ciddi suallar doğurur.
Axı hər hansı qiymət artımının arxasında aydın, şəffaf bir iqtisadi məntiq dayanmalıdır. ADY-nin məntiqinə görə ya anacaq xərcləri artıb, ya da ki, QSC tərəfindən infrastruktura investisiya qoyuluşu üçün ciddi hazırlıq gedir. İnanan daşa dönsün. İdarə heç işçi heyətinin əmək haqqı ilə bağlı dərin islahat aparmaq layihəsi yoxdur. Belə çıxır ki, yeni tariflər qiymət siyasətinin həddinin aşmasını göstərir.
Təbii ki, ADY bu sualların heç birinə ictimaiyyət qarşısında tam cavab verməyib.
İdarədə işləyən və Nazirlər Kabinetinə tariflə bağlı müraciət edən qurumun müvafiq komissiyası qiymət artımının əsaslandırılması üçün minimum tələbləri göstərməli idi. O tələblər ki, əməliyyat xərclərinin dinamikasını göstərsin, marşrutun gəlirlilik göstəricilərini şəffaf şəkildə təqdim etsin, regional rəqabət mühitinin təhlilini aparsın. Bu məlumatlar açıqlanmadıqca, hər hansı qiymət artımı iqtisadi qərar kimi deyil, inzibati iradə kimi qəbul ediləcək. Bu baxımdan Şəşəffaflıq vətəndaş qarşısında bir öhdəlikdir.
Nəqliyyat iqtisadiyyatının əsas prinsiplərinə görə müxtəlif vasitələr müxtəlif ehtiyaclara xidmət edir, müxtəlif qiymət seqmentlərini tutur. Bu baxımdan Qatar rahat, əlçatan, ekoloji cəhətdən üstün alternativdir. Uçuş isə sürət tələb edənlər üçün premium seçimdir.
Lakin son qiymət artımından sonra Bakı–Tbilisi qatar bileti AZAL-ın iqtisadi sinif biletinin qiymət diapazоnuna yaxınlaşıb. Bu, sadə bir rəqəmsal müqayisə deyil, bu, konseptual bir çöküşdür. Əgər qatar bileti demək olar ki, uçuşla eyni qiymətdədirsə, vətəndaş nəyə görə daha uzun, daha məhdud bir vasitəni seçsin? ADY özü-özünə rəqabət aparmır, o, öz auditoriyasını AZAL-a ötürür.
Bu, idarəetmə uğursuzluğudur, qiymət siyasəti deyil.
Bəs çıxış yolu nədir? Dəmir Yolları demək olar ki, ictimai rəyə barmaqarası baxdı. Ona görə də vətəndaşlar bu qərara qarşı müxtəlif qanuni və konstruktiv etiraz formalarına müraciət edə bilər. Onlardan birincisi rəsmi müraciət yollarıdır.
Belə ki, ADY-nin müştəri xidmətlərinə və rəhbərliyinə yazılı müraciətlər göndərmək üçün əsl zamanıdır. İkincisi, İqtisadiyyat Nazirliyinə və Dövlət Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyinə şikayət ərizələri təqdim etmək olduqca vacibdir. Eyni zamanda Milli Məclisin müvafiq komitələrinə — iqtisadiyyat və nəqliyyat komitələrinə açıq məktublar ünvanlamaq mümkündür. Onsuzda sosial mediada mütəşəkkil, faktlara əsaslanan kampaniyalar aparılır. Qiymət müqayisələrinin ailə büdcəsinə təsirini rəqəmlərlə göstərən xeyli statuslar, videoçarxlar internetdə çoxluq təşkil edir.
Jurnalistlər, iqtisadi ekspertlər mövzunu gündəmdə saxlamaq üçün əldə etdiyi məlumatları dövriyyəyə buraxmaqla itehlakçı hüquqlarını qoruyan mühit yarada bilər. Amma ən realı alternativ nəqliyyat vasitələrinə keçidi nəzərə alaraq ə, məsələn AZAL-a üz tutmaqla yumşaq etiraz formasını seçə bilər. Məhz onda boş vaqonlar rəqəmlərdən daha yaxşı “danışacaq”.
Nəticə etibarilə, bu məsələ yalnız bilet qiymətlərindən ibarət deyil. O, dövlət şirkətlərinin vətəndaş qarşısında hesabatlılığı, tariflər üzərində ictimai nəzarətin mövcudluğu və nəqliyyat siyasətinin kimin maraqlarına xidmət etdiyi haqqındadır.
Sual sadədir: ADY xidmət göstərir, yoxsa imtiyazdan istifadə edir?
KONKRET.az-ın Analitik Qrupu