Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailələrin hüquqi maarifləndirilməsi” layihəsi çərçivəsində Şirvan şəhər Tarix-Diyarşünaslıq Muzeyində tədbir keçirib.
“Ailə sivilizasiyanın təsiri altında təkamül edir” mövzusunda tədbiri giriş sözü ilə açan Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birlıyinin sədri, layihənin rəhbəri İlham Əliyev ilk öncə “Ailələrin hüquqi maarifləndirilməsi” layihəsinin maliyyələşməsinə göstərdiyi dəstəyə görə, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentlyinə təşəkkürünü ifadə etdi. Daha sonra mövzu üzrə danışan İlham Əliyev Azərbaycan ailəsinin özünəməxsus mənəvi dəyərlərinin olduğunu və bu dəyərlərə hər bir kəsin sadiq qaldığını söylədi.
Layihə rəhbəri onu da bildirdi ki, Azərbaycan dövlətçiliyini yalnız iqtisadi, siyasi, hüquqi təməllər üzərində deyil, həm də ailələrin qorunması və inkişafı üzərində qurur: “Ailələr dövlət tərəfindən qorunur. Azərbaycanda həyata keçirilən dövlət-ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür”.
Sosioloq Elçin Bayramlı çıxışında milli mənəvi dəyərlərimizin, ailə sistemimizin gənc nəslə ötürülməsinin vacibliyindın danışdı. Ekspert bildirdi ki, minillər boyu möhkəm ailə dəyərlərinə malik olan xalqımız bu dəyərləri yaşatmalıdır.
Şirvan şəhər icra hakimiyyətinin əməkdaşı Rafael Nəsirov, şəhər Tarix-diyaşünaslıq muzeyinin əməkdaşı Elnarə Vəliyeva çıxışlarında Azərbaycanda ailələrin formalaşmasının və inkişafının qanunla tənzimləndiyini və dövlət tərəfindən uşaqların hüquqlarının təmin olunması istiqamətində müvafiq addımların atıldığını, qanunların qəbul edildiyini söylədilər.
Muzeyin əməkdaşı Ləman Cavadova, Reyhanə Əlizadə, Çinarə Vəliyeva, Mədəniyyət Mərkəzinin əməkdaşı Sabit Abdullayev mövzu ilə bağlı fikirlərini səsləndiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib.