25 may tarixində “JW Marriott Absheron” hotelində regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Baku Energy Week”ə həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransına kütləvi informasiya vasitələrinin nümayəndələri, Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri, eləcə də tədbirin təşkilat komitəsinin üzvləri qatılıb.
Konfransda “Caspian Event Organisers” şirkətinin İcraçı direktoru Bəhruz Hidayətzadə, Azərbaycan Respublikası Energetika Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təhlükəsizliyi şöbəsinin müdiri Amil Həsənov, SOCAR şirkətinin Mətbuat katibi Emin Sevdimaliyev, Bakı Enerji Həftəsinin layihə rəhbəri Nailə Əliyeva və “Translogistica Caspian” sərgisinin layihə meneceri Ləman Ağayeva çıxış edib.
2026-cı ilin 1–3 iyun tarixlərində Bakı yenidən qlobal enerji dialoqunun əsas mərkəzlərindən birinə çevriləcək. Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan “Baku Energy Week” (Bakı Enerji Həftəsi) qlobal enerji liderlərini, dünyanın aparıcı enerji şirkətlərini, dövlət qurumlarını, investorları və sənaye mütəxəssislərini növbəti mühüm müzakirələr və enerji sahəsinin yeniliklərinin nümayişi üçün bir araya gətirəcək.
Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”. “Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, 31-ci “Baku Energy Forum” isə Bakı Konqres Mərkəzində təşkil ediləcək.
Uzun illərdir ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) baş tərəfdaş qismində çıxış edir.
Bu il “Baku Energy Week”də dünyanın 44 ölkəsindən 274 şirkət iştirakını təsdiq etmişdir. Tədbirin coğrafiyası Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Bölgəsi, Fransa, Hindistan, Filippin, Gürcüstan, İordaniya, İspaniya, İsveçrə, İtaliya, Lüksemburq, Qətər, Qazaxıstan, Kanada, Litva, Macarıstan, Misir, Moldova, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya və digərlərini əhatə edir. Almaniya və Rusiya Bakı Enerji Həftəsində milli pavilyon ilə təmsil olunur.
Tədbirin iştirakçıları, eləcə də tərəfdaşları və sponsorları sırasında “ABB”, “Acwa”, “AZEL Systems LLC”, “Baku Steel Company”, “bp”, “ExxonMobil”, “XRG”, “Gap İnşaat”, “GL”, “Gran Tierra Energy”, “Inpex”, “INTI”, “KPMG”, “Kolin İnşaat”, “Masdar”, “MOL Group”, “SLB”, “Umid Babek Operating Company (UBOC)”, “TotalEnergies” və “Türkiye Petrolleri AO” kimi nüfuzlu şirkətlər yer alır. Tədbirin rəsmi avtomobil sponsoru “Imotors” MMC-dir. Bundan əlavə, Bakı Enerji Forumunun intellektual tərəfdaşı qismində “Boston Consulting Group” çıxış edir. “Deloitte” forumun konsultativ tərəfdaşıdır.
Tədbirin rəsmi bankı qismində ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank çıxış edir. PAŞA Bank beynəlxalq maliyyə nəşri International Investor Magazine tərəfindən 2026-cı il üzrə “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” adına layiq görülüb. Bank son illərdə Euromoney və Global Finance kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən bir sıra mükafatlarla təltif olunub. Eyni zamanda, Stevie Awards tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.
Tərəfdaşlar arasında “Absheron Hotel Group”, “Accurate MMC” və “Bilbord.al” şirkətləri yer alır.
1, 2 və 3 iyun tarixlərində “Koroğlu” metrostansiyasından Bakı Ekspo Mərkəzinə və Bakı Ekspo Mərkəzindən, “Park Bulvar Mall”-a xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəliş təmin ediləcəkdir. Bu xidmətin sponsoru isə “Kolin İnşaat” şirkətidir.
Bakı Enerji Həftəsinin təşkilatçıları “Iteca Caspian” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. Tədbir Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir.
Bakı Enerji Həftəsi və Bakı Enerji Forumu haqqında ətraflı məlumatları daim yenilənən www.bew.az, www.bakuenergyforum.az saytlarından, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


