AZ

Borcu olan şəxs qurbanlıqda qurban kəsə bilərmi?

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İslam aləmində ən müqəddəs bayram olan Qurban bayramına artıq sayılı günlər qalıb.

Ölkənin müxtəlif bölgələrində olduğu kimi, paytaxtda da heyvan bazarlarında hərəkətlilik hiss olunur. Qurbanlıq heyvanların seçimi, qiymətlərin formalaşması və alıcıların büdcəsinə uyğun seçim axtarışı bu günlərdə bazarların əsas mənzərəsini təşkil edir.

Hər il olduğu kimi, bu ərəfədə cəmiyyətdə yenidən aktuallaşan əsas suallardan biri də borcu olan, xüsusilə bank krediti ödəyən şəxslərin qurban ibadətini yerinə yetirib-yetirməməsi ilə bağlıdır. 

İqtisadi reallıqlar, ailə büdcəsinə düşən yük və dini məsuliyyət arasındakı balans bir çox insan üçün qərar verməyi çətinləşdirir.

Qurban bayramında borcu olan şəxs qurban kəsə bilərmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib ki, qurban kəsmək İslam dinində vacib ibadətlərdəndir:

“Qurban kəsmək maddi imkana bağlı olduğu üçün imkanlı müsəlmanlara əmr olunub. Maddi imkanlı şəxslərin boynunda mükəlləfiyyətdir, borcdur ki, Qurban bayramında müvafiq heyvanlardan kəsib kasıblara paylasın.

Lakin borcu, krediti, sələmi olan şəxslər qurban kəsə bilməz. Xüsusən indiki kredit sistemi sələm ifadə etdiyi üçün, sələm də İslam dinində haram olduğuna görə krediti olanların qurban kəsməsi qətiyyən məqbul deyil. 

İslama görə sələm alan da verən də lənətlənib. Ancaq məcburiyyət qarşısında, daha da ağır duruma düşməmək üçün götürülən kreditin günahı yoxdur. Fəqət həmin pulla qurban almaq və kəsmək olmaz.

Çünki həmin vəsait həm sələmli, faizli pul hesab olunur, həm də şəxsin özü maddi baxımdan sıxıntılı, miskin və fəqir vəziyyətdə olur”.

O qeyd edib ki, tam maddi imkanı yerində, dolanışıq üçün borcu olmayan müsəlmana qurban kəsmək vacibdir:

“Maddi ehtiyaclarına görə deyil, sərvətini artırmaq üçün götürülən kredit yaxud borcun isə buna dəxli yoxdur. Yəni borclu o zaman qurban kəsə bilməz ki, o borcu maddi, sosial vəziyyətinin ağırlığı ilə götürüb.

Yox, 16 mərtəbəli bina tikmək, villalarının sayını artırmaq üçün kredit götürübsə, o şəxs qurban kəsməlidir. Qurbanın sosial mahiyyəti kasıb və varlı təbəqə arasında sinifləşməni tarazlasın, müəyyən qədər sosial bərabərlik formalaşsın”.

Gülər Həsənli

“Cebheinfo.az”

Açar sözlər:

borc qurban

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
1
cebheinfo.az

2Mənbələr