AZ

Hörmüz boğazında SON DURUM! Qaz tankerləri yola düşdü

Fars körfəzindən çıxan bir neçə mayeləşdirilmiş təbii qaz (LNG) tankeri və neft supertankeri son günlər Hörmüz boğazını keçərək Pakistan, Çin və Hindistana doğru yola düşüb. Gəmi izləmə məlumatlarına görə, təxminən üç aydır bölgədə ilişib qalan İraq nefti daşıyan “Eagle Verona” supertankeri də nəhayət Çinə doğru hərəkət edib.

Fevralın 28-dən başlayan ABŞ-İsrailin İrana qarşı müharibəsi Hörmüz boğazında gəmiçiliyi ciddi şəkildə zəiflədib. Dünyadakı neft və LNG tədarükünün təxminən beşdə biri normalda bu strateji marşrutdan keçir.

Məlumata görə, İranın müəyyən etdiyi xüsusi marşrut vasitəsilə bu ay Fars körfəzindən yalnız az sayda tanker çıxış edə bilib. Ötən həftə isə 6 milyon barel xam neft daşıyan üç nəhəng tanker Çin və Cənubi Koreyaya yollanıb.

Qətərin Ras Laffan limanında yüklənən “Fuwairit” LNG tankeri artıq Hörmüz boğazını keçərək Pakistana doğru istiqamət alıb. Digər tanker “Al Rayyan” isə boğazı keçdikdən sonra İran və Oman arasındakı sularda müşahidə olunub və iyunun sonunda Çinə çatacağı gözlənilir.

Bundan başqa, Abu-Dabi Milli Neft Şirkətinin idarə etdiyi “Al Hamra” tankeri də boğazdan keçərək Hindistan sahilləri yaxınlığında qeydə alınıb.

Ekspertlər bildirirlər ki, Hörmüz boğazında daşımaların qismən bərpası enerji bazarlarında müəyyən sabitlik yaratsa da, regiondakı hərbi gərginlik neft və qaz tədarükü üçün risk olaraq qalır. Boğazda mümkün yeni insidentlər dünya bazarında enerji qiymətlərinin yenidən kəskin artmasına səbəb ola bilər.

Nigar,

Sitat.info 

Seçilən
15
1
sitat.info

2Mənbələr