AZ

CHP parçalanır? Türkiyədə nələr olur?

ain.az, Bakupost portalına istinadən məlumat verir.

Türkiyədə ana müxalifət partiyası CHP parçalanmaq üzrədir.

Bəzi türkiyəli mütəxəssislər sədrlikdən uzaqlaşdırılan Özgür Özəlin tərəfdarları ilə birlikdə yeni partiya yaradacağını, yaxud da başqa bir partiya ilə birləşəcəyini düşünürlər.

Hələlik Özəl və digər liderlər bu barədə konkret açıqlama vermirlər.

Siyasi şərhçi Vüqar Ziferoğlu Bakupost.az-a bildirib ki, CHP-də parçalanma ehtimalı artıq siyasi kulis ssenarisi deyil, real siyasi risk olaraq gündəmdədir:

“Türkiyədə son günlərdə yaşanan proseslər fonunda Özgür Özəl rəhbərliyindəki Cümhuriyət Xalq Partiyası daxilində ciddi institusional böhran formalaşıb. Xüsusilə məhkəmənin 2023-cü il qurultayını etibarsız sayaraq Kamal Kılıçdaroğlu xəttini yenidən legitimləşdirməsi, faktiki olaraq partiya daxilində “iki legitimlik mərkəzi” yaradıb.

Amma burada parçalanma klassik ideoloji bölünmədən daha çox, “liderlik və siyasi xətt qarşıdurması” xarakteri daşıyır”.

Ekspertin sözlərinə görə, hazırda CHP daxilində üç əsas xətt görünür:

“Kılıçdaroğlu xətti —daha ənənəvi, sistemiçi müxalifət modeli; Özgür Özəl – Ekrem İmamoğlu tandemi —daha təşkilatçı, küçə siyasətini və erkən seçki təzyiqini önə çıxaran xətt; Üçüncü balans qrupu — xüsusilə Mansur Yavaş ətrafında formalaşan, böhranın böyüməsini istəməyən praqmatik kəsim”.

Müsahibimizin fikrincə, parçalanma baş versə, ən real ssenari Özəl tərəfdarlarının “yeni sol mərkəzçi platforma” yaratması olacaq:

“Çünki CHP elektoratı tarixi və emosional baxımdan partiya kimliyinə çox bağlıdır. Bu səbəbdən Özəl və İmamoğlu qanadı birbaşa CHP-ni tərk edib başqa partiyada əriməyə çalışsa, elektoratın mühüm hissəsini itirə bilər.

Xüsusilə İYİ Parti ilə tam birləşmə hazırkı siyasi arxitektura baxımından çox çətin görünür. Ən real variant CHP daxilində paralel legitimlik böhranı və sonradan yeni siyasi platformanın yaranmasıdır.

Bu prosesin taleyini isə əsasən məhkəmə qərarları, İmamoğlu işi və erkən seçki dinamikası müəyyən edəcək”.

Bunun isə həmsöhbətimizə görə, bir neçə səbəbi var:

“İlk növbədə İdeoloji fərqləri vurğulamaq olar. İYİ Parti daha çox türk milliyyətçi-mərkəz sağdadır. CHP isə sosial demokrat və sekulyar şəhərli baza üzərində qurulub. Burada seçici psixologiyası tam uyğun gəlmir. İkinci məqam liderlik problemidir. Özəl-İmamoğlu xətti başqa partiyada ikinci plana düşmək istəməz. Halbuki İYİ Parti daxilində də liderlik və istiqamət mübahisələri mövcuddur. Digər önəmli faktor CHP markasının çəkisi ilə bağlıdır. Türkiyədə CHP sadəcə partiya deyil, siyasi identiklikdir. Ona görə Özəl tərəfdarlarının “CHP-dən ayrılıb İYİ-yə keçməsi” siyasi intihar kimi qiymətləndirilə bilər”.

V. Ziferoğlu bununla belə qeyd edir ki, Özəl hələlik ayrılmaqdan daha çox, müqavimətə üstünlük verir:

“CHP daxilində çoxları hesab edir ki, daxili parçalanma iqtidarın strateji üstünlüyünə çevriləcək. Buna görə də Özəl qanadı hələlik “ayrılmaqdan çox müqavimət göstərmək” xəttinə üstünlük verir. Digər mühüm məqam isə İmamoğlu faktorudur. Əgər onun siyasi qadağası və hüquqi təzyiqi davam edərsə, CHP daxilində “yeni siyasi konteyner” ideyası güclənə bilər. Türkiyə mediasında artıq Özəl və İmamoğlu ətrafında yeni partiya ssenarilərinin müzakirə olunduğu görünür”.

Rüfət Sultan, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
www.bakupost.az

1Mənbələr