AZ

“100% viza”, “rədd cavabı yoxdur” VƏDLƏRİ – Nə dərəcədə reallığa UYĞUNDUR?

Sosial şəbələrdə tez-tez “100% viza”, “Rədd cavabı yoxdur” tipli elanlara rast gəlinir. Son illər xaricə səyahət, təhsil və iş məqsədilə viza müraciətləri artıb. Bununla paralel olaraq viza xidməti göstərdiyini deyən şirkətlərin də sayı çoxalır.

Bəs, doğrudanmı hansısa şirkət vizaya tam zəmanət verə vilər? Vətəndaşlar viza üçün müraciət edərkən nələrə diqqət etməlidir?
 

MÖVZU İLƏ BAĞLI:

Bakı-Tbilisi reysi ilə səfər edəcək sərnişinlərin DİQQƏTİNƏ: Bu sənədlər mütləqdir!


Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisinin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov bildirdi ki, viza qəbulu konsulluğun qərarından asılıdır:

“Şirkət deyirsə ki, “100 faiz təminat verilir”, burada bir qədər ehtiyatlı yanaşmaq lazımdır. 100 faiz təminat yalnız konsulun verəcəyi qərardan asılı ola bilər. Belə çıxır ki, şirkət konsulla hansısa sövdələşməyə girdiklərini iddia etmiş olur ki, bu da əlavə şübhələr yaradır. İnanmıram ki, hansısa ölkənin diplomatik qurumunda çalışan konsul şirkətlərlə belə bir sövdələşmə etsin.

Çünki bununla bağlı zamanında çoxsaylı neqativ hallar işıqlandırılıb və bu hallar ciddi məsuliyyət yaradıb. Önəmli məsələ vəd verən şirkətlərə inanmamaqdır. Düşünürəm ki, ən doğru yol insanların birbaşa səfirliyə müraciət etməsidir. Burada risk minimumdur. Uzağı rədd cavabı ala bilər, amma əlavə pul itkiləri ilə üzləşməz”.

Bəs, konsulluqdan hansı hallarda rədd cavabı gələ bilər?
 

Deputatın sözlərinə görə, bəzən konsulluq xidməti göstərən şəxslər rədd cavabının izahını vermirlər:


“Rədd cavabı alınıbsa səbəblər müxtəlifdir. Hətta heç səbəb də olmaya bilər. Konkret olaraq hansısa ölkə viza təminatında müəyyən ölkələrin vətəndaşlarına məhdudiyyət tətbiq edir yaxud il ərzində verilən vizaların sayına limit qoyur.

Digər tərəfdən, burada fərdi qaydada konsul tərəfindən qəbul edilən qərar da önəmlidir. Təqdim olunan sənədlərlə bağlı yaxud şəxsin davranışı ilə bağlı müxtəlif şübhələr ola bilər.

Əvvəlki təcrübəyə diqqət yetirilir. Şəxs əvvəllər hansısa ölkədən viza alıbsa və qaydalara riayət edibsə, bu, müsbət qiymətləndirilə bilər. İlk dəfə viza verilməsi isə əlavə suallar yaradır. Ancaq bu, imtina üçün əsas deyil, sadəcə daha diqqətli araşdırma aparılması üçün səbəbdir”.

Qeyd edək ki, Azər Allahverdiyevin fikrincə, viza prosesində qanunvericilik barədə məlumatsızlıq da əlavə problemlərə yol açır.

Xədicə Paşayeva, Bizim.Media  

Seçilən
16
1
bizim.media

2Mənbələr