AZ

“UĞUR 777” estetik mərkəzi ilə bağlı məhkəmə başladı – Ağır ittihamlar irəli sürülüb



Bakıda fəaliyyət göstərən UĞUR 777 estetik mərkəz ilə bağlı cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib. İş üzrə təqsirləndirilən şəxslər Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılova məhkəmə qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər isə özlərini günahsız hesab etdiklərini bildiriblər.

Məhkəmənin növbəti iclası iyunun 9-na təyin olunub.

Araşdırmalara əsasən, “UĞUR 777 estetik mərkəzi”ndə tibbi standartlara əməl edilmədən müxtəlif estetik əməliyyatlar və kosmetoloji prosedurlar həyata keçirilib. İddialara görə, burada aparılan müdaxilələr nəticəsində bəzi şəxslərin sağlamlığına ciddi zərər dəyib.

İstintaq zamanı müəyyən olunub ki, özlərini həkim-kosmetoloq kimi təqdim edən bir sıra şəxslərin müvafiq tibbi təhsili və praktik tibb fəaliyyəti üçün tələb olunan sertifikatları olmayıb.

Baş Prokurorluğun apardığı araşdırma nəticəsində Xəyalə İsmayılova, Murad Bağırov və digər şəxslərə Cinayət Məcəlləsinin müxtəlif maddələri, o cümlədən sağlamlığa ağır zərər vurma, vəzifə səlahiyyətlərini aşma və səhlənkarlıq maddələri ilə ittiham irəli sürülüb.

Hadisə ictimaiyyətdə estetik prosedurların təhlükəsizliyi və qeyri-peşəkar müdaxilələrlə bağlı narahatlıqları yenidən gündəmə gətirib.



Seçilən
13
aia.az

1Mənbələr