AZ

Aydın Kazımzadə seçkidən danışdı: “Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var nə var...”

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Mayın 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yeni sədr seçiləcək. 

Qurum rəhbərliyi uğrunda iki namizəd – Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov mübarizə aparacaq. Hazırda AKİ sədrinin səlahiyyətlərini icra edən 81 yaşlı Şəfiqə Məmmədova ilə ittifaqın katibi, 52 yaşlı Əli İsa Cabbarovun namizədliyi kino ictimaiyyətində və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

Son günlər jurnalistlər, kino tənqidçiləri və kinosevərlər tərəfindən məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bir sıra paylaşımlarda Əli İsa Cabbarovun son illərdə AKİ-də həyata keçirilən layihələrdə fəal iştirak etdiyi vurğulanır. 

Digər fikirlərdə isə Şəfiqə Məmmədovanın yenidən sədr postuna namizədliyi tənqid olunur. Bu mövqeni bölüşənlər rəhbərlikdə daha gənc və yeni ideyalı şəxslərin təmsil olunmasının vacibliyini önə çəkərək, idarəçilik sisteminin yenilənməsinin Azərbaycan kinosunun inkişafı baxımından mühüm olduğunu bildirirlər. 

Bununla yanaşı, Şəfiqə Məmmədovanın uzun illərə söykənən idarəçilik təcrübəsini, nüfuzunu və dövlət qurumları ilə münasibətlərdəki təsir imkanlarını əsas gətirərək onun namizədliyini dəstəkləyənlər də az deyil. Xatırladaq ki, AKİ-nin sədri, Xalq artisti Rasim Balayev bu il martın 29-da vəfat edib. Sabah keçiriləcək səsvermənin nəticələri kino ictimaiyyəti tərəfindən maraqla gözlənilir. 

“Cebheinfo.az”a açıqlamasında kinoşünas, kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadə bildirib ki, Şəfiqə Məmmədova təkcə Azərbaycanda deyil, keçmiş SSRİ məkanında da tanınan və böyük nüfuza malik sənətkardır: 

“Şəfiqə xanım Məmmədova Azərbaycanın Xalq artistidir, SSRİ Dövlət mükafatı laureatıdır. İndi istər tamaşaçılar arasında, istərsə də yuxarı dairələrdə böyük hörməti olan şəxs qalıb kənarda, nə var-nə var, katib olub deyə deyirlər ki, Əli İsa Cabbarov sədr olsa yaxşıdır. Söhbət ondan gedir ki, bu gün qurultayın keçiriləcəyi binanı Şəfiqə Məmmədova alıb. 

Həmin binanın alınmasında Şəfiqə xanımın böyük rolu olub, Əli İsa Cabbarovun yox. Məhz Şəfiqə Məmmədova o binanın Azərbaycan Kinematoqrafçılar İttifaqına verilməsi üçün çalışıb. O vaxt ittifaq Hökumət Evində yerləşirdi. Sonradan oranı boşaltmalı oldular. Şəfiqə xanım isə şəhərin mərkəzində bina əldə etdi. 

Mən yaxşı xatırlayıram, həmişə deyirdi ki, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi bir küçədə yerləşirsə, Azərbaycan Kinematoqrafçılar İttifaqı da həmin məkanda olmalıdır. Dedi və bunu elədi. O boyda yeri ittifaq üçün almaq hər adamın bacardığı iş deyil. 

Gör sənin nə qədər hörmətin və nüfuzun olmalıdır ki, özü də qadın xeylağı, bunu edəsən. İndi durub bəziləri deyir ki, Əli İsa olsa yaxşıdır, hələ bilmək olmaz ki, sonra nə olacaq”. 

Aydın Kazımzadə hesab edir ki, idarəetmədə təcrübə və nüfuz əsas amillərdəndir: 

“İllərin təcrübəsinə və nüfuza əsaslanaraq deyirəm ki, hər bir idarənin başında nüfuzlu insan dayanmalıdır. Nüfuz olmayanda, kim olursan ol, idarəçilikdə qarışıqlıq yaranır. Hörmət, nüfuz, ağsaqqal və ağbirçək anlayışı təsadüfi formalaşmayıb. Təəssüf ki, bu gün bəziləri bunun mahiyyətini dərk etmir. 

İnsanlar öz yerində olmayanda, aləm bir-birinə qarışır”.

O, Şəfiqə Məmmədovanın rəhbərlik keyfiyyətlərini də xüsusi vurğulayıb:

“Şəfiqə xanım uzaqgörən və hökmlü qadındır. O, işini, nəyi və necə deməyin lazım olduğunu yaxşı bilir. Mən həmişə Şəfiqə xanımın yanındayam. Azərbaycan kinosunda onun xüsusi yeri var və bu dəyər qiymətləndirilməlidir. 

O, hörmətli xanımdır, əli hər yerə çatır, əlaqələri və təsir imkanları var. Bunları nəzərə almaq lazımdır. Sadəcə “mən istəyirəm sədr olum” prinsipi ilə yanaşmaq düzgün deyil. Hər kəsin həyatda öz yeri var”. 

Əfsanə Rəcəb 

“Cebheinfo.az”

 

Açar sözlər:

Aydın Kazımzadə Şəfiqə Məmmədova Əli İsa Cabbarov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr