Africa–Azerbaijan Cooperation təşkilatının təsisçisi və icraçı direktoru Rəna Qəfərova Afrika istiqaməti, Azərbaycan–Afrika əməkdaşlığı, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən görüşlər və gələcək biznes missiyaları ilə bağlı QHT.AZ-a müsahibə verib.
- BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Azərbaycan üçün nə ilə yadda qaldı?
- BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum – WUF13) 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi Azərbaycan üçün çox mühüm beynəlxalq hadisə oldu. Bu tədbir Azərbaycanın şəhərsalma, dayanıqlı inkişaf, yaşıl logistika və beynəlxalq əməkdaşlıq sahəsində artan rolunu bir daha nümayiş etdirdi. Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən nümayəndələr, dövlət qurumları, investorlar və beynəlxalq təşkilatlar Azərbaycana gəldi.
- Africa–Azerbaijan Cooperation olaraq forumda iştirakınız necə oldu?
- “Africa–Azerbaijan Cooperation” olaraq forum çərçivəsində bir sıra mühüm görüşlər keçirdik. Afrikadan gələn qonaqlarla Azərbaycanın biznes, logistika, kənd təsərrüfatı, şəhərsalma və investisiya imkanları barədə geniş müzakirələr aparıldı. Görüşlər olduqca faydalı və səmərəli keçdi. Biz Afrika ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni əlaqələr qurduq.
Forum çərçivəsində həmçinin Qvineyanın Şəhərsalma, Mənzil və Ərazi İnkişafı naziri Mohamed Lamine Sy Savané ilə də görüşümüz oldu. Görüş zamanı Azərbaycan ilə Qvineya arasında şəhərsalma, tikinti, infrastruktur və investisiya sahələrində əməkdaşlıq imkanları müzakirə edildi. Qarşılıqlı əlaqələrin inkişafı, təcrübə mübadiləsi və gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparıldı. Nazir Azərbaycanın inkişaf modeli və beynəlxalq forumların təşkili sahəsində əldə etdiyi təcrübəni yüksək qiymətləndirdi.
- Forum çərçivəsində təşkil etdiyiniz panel barədə nə deyə bilərsiniz?
- BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin pavilyonunda, “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Yaşıl Təchizat Zəncirində Yaşıl Logistika və Afrika Qitəsinə İnteqrasiya” mövzusunda paneldə speaker kimi iştirak etdim.
Panel zamanı yaşıl logistika, dayanıqlı təchizat zənciri, Afrika qitəsi ilə iqtisadi inteqrasiya, beynəlxalq əməkdaşlıq və yeni biznes imkanları ilə bağlı aktual mövzular müzakirə olundu.
- Afrikalı qonaqların Azərbaycana marağı necə idi?
- Afrika ölkələrindən gələn nümayəndələr Azərbaycana böyük maraq göstərdilər. Xüsusilə şəhərsalma, tikinti, logistika, kənd təsərrüfatı, turizm və sənaye sahələrində əməkdaşlıq imkanları diqqət mərkəzində oldu. Azərbaycanın son illərdə həyata keçirdiyi iri infrastruktur layihələri və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi afrikalı qonaqlar tərəfindən yüksək qiymətləndirildi.
- 25 May – Afrika Günü ilə bağlı nə demək istərdiniz?
- 25 May dünyada Afrika Günü kimi qeyd olunur. Bu gün Afrika ölkələrinin birliyi, inkişafı və beynəlxalq əməkdaşlığının simvoludur. Biz də Africa–Azerbaijan Cooperation olaraq Afrika ölkələri ilə Azərbaycan arasında iqtisadi, ticarət, investisiya və humanitar əlaqələrin inkişafına daim dəstək veririk. İnanırıq ki, gələcəkdə Azərbaycan ilə Afrika ölkələri arasında əməkdaşlıq daha da genişlənəcək və yeni layihələr həyata keçiriləcəkdir.
- Africa–Azerbaijan Cooperation-un növbəti layihələri nələrdir?
- Africa–Azerbaijan Cooperation olaraq növbəti beynəlxalq biznes missiyamız 21–27 iyun 2026-cı il tarixlərində Qana Respublikasına təşkil olunacaqdır. Səfər çərçivəsində Akkra şəhərində yerli dövlət qurumları, biznes nümayəndələri və şirkətlərlə B2B görüşlər, forumlar və müəssisə ziyarətləri planlaşdırılır.
Biz yerli sahibkarlarımızı bu biznes missiyasında iştirak etməyə dəvət edirik. Qana Afrika qitəsinin təhlükəsiz, siyasi və iqtisadi baxımdan sabit, bazarı sürətlə inkişaf edən ölkələrindən biridir. Ölkədə tikinti, kənd təsərrüfatı, logistika, qida sənayesi, turizm, enerji və müxtəlif istehsal sahələrində böyük biznes imkanları mövcuddur.
İnanırıq ki, bu biznes missiyası Azərbaycan sahibkarları üçün yeni tərəfdaşlıqların qurulması və Afrika bazarına çıxış baxımından mühüm imkan yaradacaqdır.