24 may tarixində II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının birinci cəhdi keçirilib. İmtahandan çıxan bir sıra abituriyentlər qəbul imtahanının buraxılış imtahanı ilə müqayisədə daha asan olduğunu bildiriblər.
Ümumilikdə isə əsas maraq doğuran məqam budur: II və III ixtisas qruplarında rəqabətin səviyyəsi necə formalaşacaq?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, buraxılış imtahanlarının ötən ilə nisbətən xeyli çətin keçdiyini nəzərə alsaq, blok imtahanlarında bu tarazlıq mütləq qorunmalı idi:

“Ötən gün II və III ixtisas qrupları üzrə blok imtahanlarının I cəhdi keçirildi. Bizim tərəfimizdən blok imtahanlarında sualların ötən ilə müqayisədə bu dəfə daha asan salınacağı gözlənilirdi. Buna səbəb isə blok imtahanlarının vahid qəbul imtahanları zəncirini təşkil etməsi və bu səbəbdən də buraxılış imtahanlarının nəticələri ilə ayaqlaşmasıdır. Buraxılış imtahanlarının ötən ilə nisbətən xeyli çətin keçdiyini nəzərə alsaq, blok imtahanlarında bu tarazlığın təmin olunması vacib sayılırdı. Tarazlığın qorunması üçün ən vacib amil sualların və test tapşırıqlarının nisbətən asan şəkildə təqdim olunması idi və bu da baş verdi.
Doğrusunu deyim ki, əksini düşünmürdüm də. Həmçinin, I və IV ixtisas qrupları üzrə təşkil olunan blok imtahanlarında da sualların nisbətən asan olacağını təxmin edirəm. Təsəvvür edin ki, həm buraxılış, həm də blok mərhələsinin sualları asan olur. Bu halda ixtisas seçimində ciddi xaos yarana, kəsilənlərin sayı həddindən artıq arta bilərdi.
Yaxud, əksinə, bir anlıq onu da təsəvvür edək ki, blok imtahanlarının da sualları eynən buraxılışda olduğu kimi qəliz olub. Bu zaman da plan yerlərinin dola bilməməsi, ixtisas seçimini iştirakçılarının kəskin azalması halı yaşanardı. Buna görə də tarazlıq naminə bu dəfə buraxılış deyil, blok imtahanlarında müəyyən yumşalmaya gedilib. Amma bütün bunlar o demək deyil ki, blokun asanlığı ixtisas seçimlərinin, universitetlərə qəbulun durumunu asanlaşdıracaq".
İkinci ixtisas qrupunda ciddi xaos yarana bilər:
"Builki qeydiyyat statistikasının ötən ildən daha artıq olduğunu, blok imtahanının sadə təşkilini nəzərə alsaq, əksinə, cüzi də olsa, prosesin müəyyən qədər çətinləşəcəyini də gözləmək olar. Hər şey blok imtahanlarının nəticələri və bu il üçün ayrılan plan yerlərinin sayından asılıdır. Plan yerlərinin bir il ərzində böyük fərqlə artmasının qeyri-mümkünlüyünü nəzərə alsaq, o zaman ixtisas seçimində durumların ən yaxşı halda eynilə ötənilki kimi qalacağını düşünə bilərik.
Amma bu eynilik, oxşarlıq daha çox III ixtisas qrupuna görədir. II ixtisas qrupu üzrə isə vəziyyətin keçən ilkindən daha da kəskin olacağı artıq indidən məlumdur. Bu ixtisas qrupu üzrə müraciət fərqinin az qala 3 minə çatması, heç də kiçik detal deyil. Böyük ehtimalla plan yerlərinin də çox artmayacağını düşünsək, o zaman II ixtisas qrupunda vəziyyət daha kritik olacaq. Bu kritik durumun III ixtisas qrupunda olmasını qətiyyən gözləmirəm. Yenə də, plan yerlərinin ümumi statistikasını gözləyək. O zaman daha korrekt proqnoz irəli sürmək olar. Lakin II ixtisas qrupundan başqa digərlərində vəziyyətin stabilliyini böyük ehtimalla düşünə bilərik".