AZ

“Reuters”: Netanyahu İrana görə Trampa təsir edə bilmir

BAKI, 25 may. TELEQRAF

İsrail Baş naziri Benyamin Netanyahu İranla razılaşma əldə etməyə çalışan ABŞ Prezidenti Donald Trampın qərarlarına təsir edə bilmədiyini gizli şəkildə etiraf edib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” İsrail mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Netanyahu ABŞ və İran arasında müzakirə olunan anlaşma memorandumundan narahatlığını bildirib. Agentlik yazıb ki, İsrail bu danışıqlardan kənarda qalıb.

“Netanyahunun özü də etiraf edib ki, hazırda ABŞ Prezidenti üzərində heç bir təsir gücünə malik deyil”, - adı çəkilməyən İsrail rəsmisi deyib.

Agentliyin məlumatına görə, ilkin razılaşmanın şərtləri yəhudi dövlətinin ən aktual məsələlərini - İranın nüvə proqramı və zənginləşdirilmiş uran ehtiyatlarını əhatə etmir. Həmçinin Netanyahu İsrailin Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatları davam etdirmək imkanını saxlamalı olduğunu bəyan edir. Agentlik qeyd edib ki, Tehran Livanda hərbi əməliyyatların dayandırılmasında israr edərsə, bu, razılaşmanı poza bilər.

İsrail Baş naziri ötən həftə Donald Trampla üç telefon danışığı aparıb və yalnız bazar günü üçüncü söhbətdən sonra mümkün razılaşma barədə şərh verib. “Reuters” vurğulayıb ki, ABŞ və İran arasında razılaşma Benyamin Netanyahu üçün həssas vaxtda baş verə bilər, çünki bu payızda İsraildə parlament seçkiləri keçiriləcək və o, seçkilərdə məğlub ola bilər. Müxalifət onu İrana qarşı müharibədə məqsədlərə çata bilmədiyinə görə tənqid edir.

Seçilən
23
teleqraf.com

1Mənbələr