AZ

"Google Gemini" işçiləri əvəzləyəcək? – İş dünyasında yeni dövr başlayır

Süni intellekt artıq texnoloji xəbərlərin sıravi mövzusu olmaqdan çıxıb, real iş sektorunun əsas oyunçusuna çevrilir. Lakin bir çoxları hələ də bu innovasiyadan sadəcə "təkmilləşmiş axtarış motoru" səviyyəsində yararlanmaqla kifayətlənir.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİTSA) sədri Elvin Abbasov Redaktor.az-a özəl açıqlamasında bu sahədəki yanaşma xətalarına və real imkanlara işıq tutdu. Ekspertin qənaətincə, süni intellektlə işləmək artıq seçim deyil, peşəkar sağ qalma məsələsidir.

Süni intellekt: Köməkçidən strateji tərəfdaşa doğru

Mütəxəssis qeyd etdi ki, "Google Gemini" kimi nəhəng dil modellərindən maksimum səmərə əldə etmək üçün ilk növbədə mental bir keçid edilməlidir. Onun sözlərinə görə, süni intellektə (Sİ) sadəcə mətn yazarı və ya tərcüməçi kimi baxmaq, texnologiyanın potensialını dərindən hiss etməməkdir.

"İş proseslərinə mütləq "Prompt Mühəndisliyi" mədəniyyəti gətirilməlidir. Alətə tapşırıq verərkən ona konkret bir peşəkar rol müəyyən etmək, konteksti aydınlaşdırmaq və nəticənin strukturunu öncədən diktə etmək lazımdır. Bu, səmərəliliyi qat-qat artıran ən mühüm amildir. Süni intellekti bir köməkçi kimi yox, strateji bir rəqəmsal tərəfdaş kimi mövqeləndirməliyik", – deyə AİTSA sədri vurğuladı.

Analitik təhlil və rutindən xilas

Elvin Abbasovun fikrincə, süni intellektin ən güclü tərəfi böyük həcmli verilənləri saniyələr içində emal etmək bacarığıdır:

"Bu imkan, xüsusilə strateqlər və layihə rəhbərləri üçün "zaman inqilabı" deməkdir. Uzun hesabatların xülasələşdirilməsi, bazar araşdırmalarının strukturlaşdırılması və mürəkkəb layihə təkliflərinin ilkin layihələrinin hazırlanması artıq peşəkarlar üçün vaxt aparan texniki maneə deyil. Beləliklə, insan faktoru texniki icradan uzaqlaşaraq birbaşa qərarvermə və kreativ idarəetmə mərhələsinə fokuslana bilir".

Texnoloji komandalarda məhsuldarlıq artımı

Məsələnin texniki tərəflərinə də toxunan ekspert proqramlaşdırma sahəsində süni intellektin rolunu xüsusi qeyd etdi. "Gemini"nin kod yazılmasından tutmuş, sistemlərin inteqrasiyasına qədər geniş bir spektrdə proqramçılar üçün "çevik assisent" funksiyasını yerinə yetirdiyini bildirən AİTSA sədri bunun ideyadan hazır prototipə keçid müddətini minimuma endirdiyini diqqətə çatdırdı.

Yekun mənzərə onu göstərir ki, süni intellekt insan əməyini sıradan çıxarmaq üçün deyil, onu daha üst səviyyəyə daşımaq və optimallaşdırmaq üçün bir katalizatordur. Sahə mütəxəssisinin də qeyd etdiyi kimi, süni intellekt işçini əvəzləməyəcək, lakin bu texnologiyadan peşəkar səviyyədə istifadə edən kadrlar, yeni reallıqlara adaptasiya ola bilməyən həmkarlarını hər zaman rəqabətdə qabaqlayacaqlar.

İlahə NURUYEVA

Seçilən
19
redaktor.az

1Mənbələr