AZ

Zərdabda leysan sularının fəsadları aradan qaldırılır: əraziyə FHN in qüvvə və texnikası cəlb olunub

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Zərdab, 25 may, AZƏRTAC

Zərdab rayonunda yağan leysan xarakterli güclü yağış bir sıra ərazilərdə ciddi fəsadlara səbəb olub. Rayonun bəzi küçə və yaşayış massivləri yağış suları altında qalıb, nəqliyyatın və sakinlərin hərəkətində çətinlik yaranıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ən çox ziyan dəyən ərazilərdən biri rayonun Azərbaycan küçəsi olub. Qarasu çayının sol sahilində yerləşən küçədəki çoxmənzilli yaşayış binalarının zirzəmiləri, həyətyanı sahələri və küçələr su ilə dolub. Suyun səviyyəsinin yüksəlməsi səbəbindən həmin ərazidə avtomobillərin hərəkəti dayandırılıb, sakinlərin binalara giriş-çıxışı isə məhdudlaşıb.

Yağışın yaratdığı problemlər yalnız Azərbaycan küçəsi ilə məhdudlaşmayıb. Qumlu yaşayış massivində, eləcə də rayonun digər küçə və prospektlərində yerləşən fərdi yaşayış evlərinin həyətləri, zirzəmiləri və yardımçı tikililəri, şəhər 1 nömrəli uşaq bağçasının ərazisi su altında qalıb.

Zərdab Rayon İcra Hakimiyyətinin şəhər nümayəndəsi Səməd Cəfərov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, baş verən hadisə ilə bağlı rayon Fövqəladə Hallar Komissiyası tərəfindən dərhal hadisə yerlərinə baxış keçirilib. Mövcud vəziyyət qiymətləndirildikdən sonra aidiyyəti qurumlara müraciət ünvanlanıb. Müraciətdən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub. Hazırda küçələrdə və yaşayış binalarının ətrafında toplanan suyun çəkilərək, boş ərazilərə axıdılması istiqamətində işlər davam etdirilir.

Müxbir- Rəşad Türkoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
azertag.az

1Mənbələr