AZ

Qlobal müzakirələrdə vətəndaş cəmiyyətinin rolu artır

“Hər kəs üçün yaşayış yerləri; Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yekunu bir daha göstərdi ki, qlobal çağırışlar fonunda vətəndaş cəmiyyətinin rolu getdikcə daha da aktuallaşır".

Bu fikirləri “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, Bakı Ümumdünya Şəhərsalma Forumunun nümayəndəsi Rüstəm Məlikov QHT.az-a açıqlamasında bildirib.

Rüstəm Məlikov bildirib ki, forumun gündəliyi olduqca geniş və çoxşaxəli idi: Buraya şəhərlərin dayanıqlı inkişafı, iqlim dəyişikliyi ilə mübarizə, sosial bərabərliyin təmin olunması, rəqəmsal transformasiya, urbanizasiya proseslərinin idarə olunması və yerli icmaların gücləndirilməsi kimi məsələlər daxil idi. Xüsusilə “yaşıl şəhərlər”, “ağıllı texnologiyalar” və “insan mərkəzli inkişaf modeli” mövzuları əsas müzakirə predmetinə çevrilmişdi.

R.Məlikovun sözlərinə görə, WUF13 forumunda dünyanın müxtəlif ölkələrindən geniş nümayəndə heyəti iştirak edib: WUF13 forumunda 190-a yaxın ölkədən nümayəndə iştirak edirdi. Ümumilikdə tədbirə 60 mindən artıq iştirakçı qatılmışdı. Onların sırasında dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, alimlər, ekspertlər və çoxsaylı QHT təmsilçiləri yer alırdı. Statistik göstəricilərə əsasən, iştirakçıların təxminən 30 faizini vətəndaş cəmiyyəti institutlarının nümayəndələri təşkil edirdi. Bu isə QHT-lərin qlobal müzakirələrdə artan rolunun bariz göstəricisidir.

O vurğulayıb ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, güclü dövlətin əsas dayaqlarından biri fəal və məsuliyyətli vətəndaş cəmiyyətidir. Onun fikrincə, QHT-lər cəmiyyətlə dövlət arasında körpü rolunu oynayaraq sosial problemlərin həllində çevik və effektiv mexanizmlər təqdim edir. Prezident həmçinin qeyd edir ki, qlobal problemlərin milli səviyyədə həlli üçün beynəlxalq əməkdaşlıq və ictimai iştirakçılıq mühüm şərtdir.

Rüstəm Məlikov qeyd edib ki, forum çərçivəsində bir sıra mühüm prioritetlər müəyyənləşdirilib: Forum qarşıya bir sıra vacib vəzifələr qoydu. Bunlara ekoloji tarazlığın qorunması, sosial bərabərliyin təmin edilməsi, şəhərlərdə inklüzivliyin artırılması və dayanıqlı iqtisadi modellərin tətbiqi daxildir. Eyni zamanda, gənclərin və qadınların ictimai proseslərdə fəal iştirakı xüsusi diqqət mərkəzində saxlanıldı.

R.Məlikovun sözlərinə görə, bu hədəflərin reallaşdırılmasında QHT-lərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır: Bu vəzifələrin həyata keçirilməsində QHT-lərin rolu əvəzsizdir. Onlar yerli səviyyədə problemləri daha yaxından görür, ictimai rəyin formalaşmasına təsir göstərir və innovativ həllər təklif edirlər. QHT-lər həm də maarifləndirmə işində mühüm rol oynayır, ictimai nəzarətin təmin edilməsində və dövlət proqramlarının icrasına dəstək göstərilməsində fəal iştirak edirlər.

O bildirib ki, forum dövlət və vətəndaş cəmiyyəti əməkdaşlığının vacibliyini bir daha nümayiş etdirdi: Nəticə etibarilə, WUF13 forumu bir daha sübut etdi ki, dövlət, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq gücləndikcə, qarşıda duran qlobal və yerli problemlərin həlli daha real və davamlı olur. QHT-lərin bu prosesdə fəal iştirakı isə cəmiyyətin inkişafına mühüm töhfə verir.

Seçilən
12
qht.az

1Mənbələr