AZ

Türkiyə Ermənistan sərhədinin açılması regional güc balansını dəyişəcək ŞƏRH

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hasan Oktay: "Sərhədin açılması Paşinyana “xalqı qorxu ilə deyil, realist gələcək vizyonu ilə idarə edirəm” mesajını gücləndirmək üçün ciddi üstünlük qazandıra bilər"

Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və sərhəd qapılarının açılması məsələsi yenidən regionun əsas geosiyasi müzakirə mövzularından birinə çevrilib. Xüsusilə Azərbaycan-Ermənistan sülh prosesinin irəlilədiyi, Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin intensivləşdiyi bir dövrdə bu məsələ həm siyasi, həm də iqtisadi baxımdan yeni suallar doğurur. Türk Dövlətləri Təşkilatının keçmiş baş katibi, təqaüddə olan türkiyəli diplomat Halil Akıncı də məhz bu məqamlara diqqət çəkərək, Türkiyə ilə Ermənistan arasındakı sərhəd qapılarının bağlı qalmasının indiki şəraitdə hansı strateji məna daşıdığını sual altına alıb. O bildirib ki, artıq həm Türkiyə, həm də Azərbaycan Ermənistanla iqtisadi təmaslara başlayıb və bu fonda sərhədlərin bağlı saxlanılması əvvəlki təsir gücünü itirib. Akıncı eyni zamanda, Ermənistan Baş naziri Nikol Paşinyan hakimiyyətinin Konstitusiya dəyişiklikləri və sülh gündəliyi baxımından əhəmiyyətinə toxunaraq, sərhədin açılmasının Ermənistan daxilində siyasi proseslərə mümkün təsirlərini də gündəmə gətirib.

Sərhədin açılması və Paşinyanın seçkilərdəki mövqeyi

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a açıqlamasında bildirib ki, Türkiyə-Ermənistan sərhədinin vəziyyəti və Ermənistanın regional inteqrasiyası həm strateji dönüşümün, həm də olduqca həssas siyasi balansın mərkəzində dayanır:

“Nikol Paşinyan hakimiyyəti Türkiyə ilə sərhədin açılmasını “sülh və iqtisadi normallaşma” siyasətinin ən konkret sübutu kimi təqdim edir. Sərhədin açılması Paşinyana “xalqı qorxu ilə deyil, realist gələcək vizyonu ilə idarə edirəm” mesajını gücləndirmək üçün ciddi üstünlük qazandıra bilər. Bununla yanaşı, proses müəyyən riskləri də özündə daşıyır. Müxalifətin “güzəşt” və “təhlükəsizlik zəifliyi” üzərindən qurduğu qorxu yönümlü ritorika, iqtisadi rifah və ticarət imkanlarının yaratdığı perspektivlə zəifləyə bilər. Buna görə də məsələ yalnız seçki atmosferi baxımından deyil, regionda uzunmüddətli sülhün gələcəyi kontekstində qiymətləndirilməlidir.Bu proses Ermənistanın xarici siyasət kursunu Rusiyanın təhlükəsizlik çətirindən çıxararaq regional inteqrasiya, TRIPP layihəsi və nəqliyyat xətlərinə əsaslanan “sülh qovşağı” modelinə yönəldə bilər. Lakin bu addımın Paşinyanın siyasi taleyinə necə təsir göstərəcəyi iqtisadi nəticələrin nə qədər tez hiss olunacağından və seçicilərin bu “yeni Ermənistan” konsepsiyasına nə dərəcədə inanacağından asılı olacaq. Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli sülhü olmadan davamlı və sabit regional sülhün mümkün olmadığı artıq getdikcə daha açıq görünür”.

Zəngəzur dəhlizi və sərhədin strateji mahiyyəti

Analitik qeyd edib ki, QAFKASSAM kimi institutlar Zəngəzur mərkəzli dəhliz layihəsinin “yeganə çıxış yolu” kimi təqdim olunmasına və ya bölgə üçün alternativsiz həll modeli kimi göstərilməsinə ehtiyatla yanaşırlar:

“Çünki üçtərəfli sülh olmadan nə Zəngəzur xətti, nə də TRIPP tipli layihələrin tam reallaşmasının mümkün olmadığı düşünülür. Türkiyənin sərhədi bağlı saxlaması tarixi olaraq Kəlbəcər işğalına verilmiş reaksiya idi. Lakin mövcud mərhələdə-işğalın sona çatması, birbaşa iqtisadi əlaqələrin formalaşması və dəmir yolu layihələrinin gündəmə gəlməsi fonunda sərhədin təhlükəsizlik səbəbilə bağlı saxlanılması arqumenti əvvəlki qədər güclü görünmür. Türkiyə bu məsələdə beynəlxalq təzyiqlərlə də üzləşir və Ankara üçtərəfli sülh modelini müdafiə etdikcə, bölgədə maraqları olan bəzi xarici aktorların prosesi zəiflətməyə çalışdığı iddia olunur. Əgər Zəngəzur bağlantısı və digər regional nəqliyyat layihələri həyata keçirilərsə, sərhədin qapalı qalması üçün strateji əsas əhəmiyyətli dərəcədə zəifləyəcək. Türkiyə “Triple Peace” – yəni “Üçlü Sülh” modeli çərçivəsində bu sərhədləri ayrışdırıcı xətt deyil, inteqrasiya və əməkdaşlıq xətti kimi görməyə başlaya bilər. Bu baxımdan sərhədin açılması Türkiyənin regional liderlik vizyonu ilə daha uyğun addım kimi qiymətləndirilir və eyni zamanda uzunmüddətli regional sabitliyin əsaslarından biri hesab olunur.

“Tam təcrid siyasəti”nin mahiyyəti

Politoloqun sözlərinə görə, Azərbaycan və Türkiyənin Ermənistanla münasibətləri artıq dolayı “təcrid siyasəti” mərhələsindən çıxaraq “nəzarətli inteqrasiya” mərhələsinə keçid edir:

“Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yük daşımalarında aktiv istifadəsi kimi proseslər “tam təcrid” siyasətinin faktiki olaraq sona çatdığını və daha çox simvolik xarakter daşıdığını göstərir. Azərbaycanın Ermənistanla birbaşa nəqliyyat və ticarət məsələlərinin müzakirəsinə daxil olması, təcridin daimi strategiya deyil, keçid mərhələsi olduğunu ortaya qoyur. Hazırkı mərhələdə bölgə dövlətləri bir-birini sıradan çıxarmaqdan daha çox, qarşılıqlı iqtisadi asılılıq və inteqrasiya vasitəsilə balanslaşdırmağa çalışırlar. TRIPP kimi layihələr də bu yanaşmanın tərkib hissəsi kimi təqdim olunur. Nəticə etibarilə, region “təcrid dövrü”ndən iqtisadi reallıqların geosiyasəti formalaşdırdığı “normallaşma mərhələsi”nə keçid yaşayır. Türkiyə-Ermənistan sərhədi də bu prosesin sonunda qaçılmaz şəkildə “keçid və inteqrasiya nöqtəsi”nə çevrilə bilər. Bu, Paşinyan üçün siyasi uğur hesab oluna biləcəyi kimi, bölgənin digər aktorları üçün də oyunun qaydalarını dəyişən strateji uyğunlaşma mərhələsi kimi qiymətləndirilir. Bu keçid dövrünü “bürokratik müqavimət” ilə “sahədəki iqtisadi məcburiyyətlər” arasındakı qarşıdurma kimi oxumaq da maraqlı nəticələr ortaya çıxara bilər.Türkiyə, Ermənistan və Azərbaycanda üçtərəfli sülh modelinə qarşı çıxan çevrələrin müəyyən mənada Rusiyanın, İranın və ABŞ-nin bölgədəki maraqlarına daha yaxın geosiyasi yanaşmalar ətrafında birləşdiyi iddia olunur. Halbuki üçtərəfli sülh modeli bölgəyə yeni xarici aktorların daxil olmasından daha çox, məhz regiondaxili dinamikanın və yerli güc balansının ön plana çıxmasına şərait yarada bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
sherg.az

1Mənbələr