AZ

28 May – Azərbaycan dövlətçilik tarixinin dönüş nöqtəsi – ÖZƏL

"28 May - Müstəqillik Günü Azərbaycan xalqının tarixində yalnız təqvim hadisəsi deyil, milli dövlətçilik iradəsinin, azadlıq idealının və siyasi düşüncə yetkinliyinin təntənəsidir. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması bütün müsəlman Şərqində ilk parlamentli demokratik respublikanın yaranması ilə tarixə düşdü. Bu hadisə Azərbaycan xalqının müstəqil yaşamaq, öz taleyini özü müəyyən etmək və milli dövlət qurmaq əzmini dünyaya nümayiş etdirdi".

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, dövlətçilik tariximizdə silinməz iz buraxdı. Milli parlamentin yaradılması, dövlət atributlarının qəbul edilməsi, qadınlara seçki hüququnun verilməsi, milli ordunun formalaşdırılması və təhsilin inkişafı istiqamətində atılan addımlar həmin dövr üçün böyük siyasi iradənin və strateji baxışın göstəricisi idi. Bu baxımdan 28 May Azərbaycanın müasir dövlətçilik fəlsəfəsinin başlanğıc nöqtəsidir.

"Bu gün müstəqil Azərbaycan məhz həmin tarixi ideallar üzərində yüksələrək regionun ən güclü dövlətlərindən birinə çevrilib. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müasir dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın siyasi sabitliyi, güclü iqtisadiyyatı, enerji və nəqliyyat layihələrində aparıcı mövqeyi, həmçinin beynəlxalq münasibətlər sistemində artan nüfuzu ölkəmizin regiondakı rolunu əhəmiyyətli dərəcədə gücləndirib. Xüsusilə, son illərdə Azərbaycanın geosiyasi mövqeyi daha da möhkəmlənib. 44 günlük Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, yeni kommunikasiya layihələri, enerji təhlükəsizliyi sahəsində Avropa üçün etibarlı tərəfdaş statusunun güclənməsi ölkəmizin gələcək inkişaf perspektivlərini daha da genişləndirir. Azərbaycan artıq yalnız regional deyil, beynəlxalq səviyyədə söz sahibi olan dövlət kimi qəbul edilir.
Bu gün regionda formalaşan yeni siyasi və iqtisadi reallıqlar Azərbaycanın strateji üstünlüklərini artırır. Orta Dəhlizin əhəmiyyətinin yüksəlməsi, Türk dünyası ilə əlaqələrin genişlənməsi, yeni investisiya imkanlarının yaranması ölkəmizin iqtisadi inkişafını sürətləndirəcək əsas amillərdir. Eyni zamanda, güclü ordu, milli həmrəylik və dövlət-vətəndaş birliyi Azərbaycanın müstəqilliyinin ən böyük təminatıdır", - deyə ekspert əlavə edib.

Siyasi şərhçi bildirib ki, 28 May bir daha göstərir ki, Azərbaycan xalqı əsrlər boyu öz dövlətçilik ənənələrinə sadiq qalıb və müstəqilliyini qorumağı bacarıb. Bu müqəddəs tarixdən gələn siyasi iradə və milli birlik bu gün Azərbaycanın qarşısında yeni üfüqlər açır. Müstəqil Azərbaycan artıq öz gücünə, milli maraqlarına və strateji hədəflərinə əsaslanan müasir, qüdrətli və suveren dövlət kimi inkişaf yolunu inamla davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr