AZ

Tanınmış jurnalist saxta xəbəri ayırd etməyin yolunu açıqladı

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Müasir informasiya axınında hər gün minlərlə xəbər, başlıq və vizual materialla qarşılaşırıq. Belə bir mühitdə manipulyasiya və dezinformasiyanın qurbanına çevrilməmək üçün ən güclü silahımız media savadlılığıdır. Media savadlılığı sadəcə xəbər oxumaq deyil, həm də qarşılaşdığımız məlumatlara tənqidi yanaşmaq bacarığıdır. Bəs oxucuların neçə faizi bunu bacarır? Manipulyativ başlıqlara görə aldananlar yenidən eyni situasiya ilə üzləşməmək üçün nə etməlidirlər? Tanınmış jurnalist Seymur Verdizadə Demokrat.az saytına açıqlamasında bildirib ki, rəqəmsal dünyada təhlükəsizliyi təmin etməyin yolu cəmi bir neçə qızıl qaydaya əməl etməkdən keçir. Doğru xəbəri yalandan ayırmağın yolu fərdin öz informasiya istehlakına məsuliyyətlə yanaşmasından keçir: “Oxucuların ən çox etdiyi xətalardan biri xəbəri tam oxumadan, yalnız diqqətçəkən və klik xatirinə yazılmış başlıqlara aldanıb nəticə çıxarmaqdır. Manipulyasiyadan qorunmağın ilk şərti mətnin məzmununa tam bələd olmaqdır. Bununla yanaşı, oxucu mütləq "Bu məlumatı kim yayır?" sualını verməlidir. Xəbərin arxasındakı mənbənin etibarlılığı, onun reputasiyası və yayılma məqsədi araşdırılmalıdır. Anonim və ya şübhəli platformaların təqdim etdiyi məlumatlara həmişə şübhə ilə yanaşmaq lazımdır. Təəssüflə qeyd etməliyik ki, tanınmış şəxslər, xüsusilə deputatlar və sənət adamları manipulyativ başlıqlar üzündən tez-tez cəmiyyətin hədəfinə çevrilir, təniqd olunur, ağır həqarətə məruz qalırlar”. Seymur Verdizadə qeyd edib ki, hər hansı bir xəbərin doğruluğundan əmin olmaq üçün mütləq paralel müqayisələr aparılmalı, eyni xəbərin fərqli platformalarda necə işıqlandırıldığına diqqət yetirilməlidir:“Əgər bir xəbər bir neçə ciddi və fərqli resurs tərəfindən təsdiqlənirsə, onun doğruluq payı kəskin şəkildə artır. Bir oxucu xəbəri tam oxuyub təhlil edərsə, ilkin mənbəni yoxlayarsa və məlumatları fərqli platformalarla müqayisə edərək paralel süzgəcdən keçirərsə, onun aldanmaq ehtimalı çox aşağıdır. Savadlı oxucunu heç kim aldada bilməz”.Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
demokrat.az

1Mənbələr