AZ

“Paşinyan fenomeni: keçmiş bəyanatlar və bugünkü imic arasında ziddiyyət” Pərviz Yəhyalı yazır...

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca müşahidə etdiyim və açığı, mənə qəribə gələn bir tendensiyanın haradan qaynaqlandığını düşünürəm.

Görəsən, Paşinyana simpatiya sərgiləyənlər fikirlərində doğrudanmı səmimidirlər?

Axı bu, vaxtilə “Qarabağ Ermənistandır, nöqtə” deyən Nikoldur.

Cıdır düzündə sərxoş halda yallı oynayan, Ümumilli lider Heydər Əliyev haqqında sərt ifadələr işlədən, Cəbrayıla yol çəkməkdən danışan da elə o idi.

İndi Paşinyandan demokrat obrazı düzəltmək, onu sülh carçısı kimi təqdim etmək istəyənlər anlamırlarmı ki, məhz onun baş nazir olduğu dövrdə 3500-dən çox Azərbaycan vətəndaşı həyatını itirib?

Hərbi əməliyyatların getdiyi ərazilərdən çox uzaqda yerləşən Gəncə şəhəri raket atəşinə məruz qalıb.

Erməni toplumunun başında dayanan bu şəxs hazırkı mərhələdə sadəcə reallığı qəbul etməyə məcburdur. Onun bu gün dilə gətirdiyi fikirlər daxili transformasiyanın nəticəsi deyil; bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürüdüyü qətiyyətli siyasətin və əldə olunan tarixi qələbənin yaratdığı yeni geosiyasi reallığın diktəsidir.

Bu gün küçələrə çıxaraq özünü sağlam düşüncəli siyasətçi kimi təqdim etməyə çalışır. Guya dəyişdiyini, islah olunduğunu göstərmək istəyir. Lakin sülh göyərçini imitasiyası heç də hər kəsi inandıra bilmir.

Əgər doğrudan da sülh istəyirsə, onda son dörd ildə Fransadan, Yunanıstandan və Hindistandan Ermənistana daşınan silahların hansı məqsədə xidmət etdiyini izah etsin.

Digər yanaşma isə guya Paşinyana alternativ olan revanşist qüvvələrin, xüsusilə Robert Köçəryanın yenidən hakimiyyətə gəlməsinin daha təhlükəli olduğu barədə səsləndirilən fikirlərdir. Məncə, bu cəfəng yanaşmaya ən tutarlı cavabı elə Prezident İlham Əliyev verib:

“Azərbaycan Respublikasına indi və gələcəkdə edilə biləcək hər hansı təhdid dərhal neytrallaşdırılacaq”.

Bu bəyanatın mənası aydındır: Ermənistan bir daha Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməyə cəhd göstərərsə, ən sərt cavabı alacaq.

Azərbaycan bu gün hərbi, siyasi və iqtisadi baxımdan 2020-ci ilin payızındakı durumundan qat-qat güclüdür.

Ordumuzun potensialı dəfələrlə artıb və bu, heç kim üçün sirr deyil.

Ermənistandakı revanşist qüvvələrin sərsəm bəyanatlarına aludə olanlara bir həqiqəti də xatırlatmaq lazımdır. Azərbaycan vaxtilə Bişkek Protokolunı kapitulyasiya kimi qəbul etməmişdi. O dövrdə bizə lazım olan müvəqqəti sabitlik idi. Məqsəd xarici sərmayəni, xüsusilə də Əsrin müqaviləsi çərçivəsində cəlb olunan şirkətlərin riskdən çəkinməsinin qarşısını almaq, dövlətin iqtisadi və hərbi gücünü sistemli şəkildə artırmaq idi. Bu, geri çəkilmə yox, böyük zəfərə aparan zərgər dəqiqliyi ilə hesablanmış strateji pauza idi.

Fikrimcə, Ermənistanda hakimiyyətə kimin gəlməsinin Azərbaycan üçün prinsipial əhəmiyyəti yoxdur. Ermənistanı idarə edəcək istənilən siyasi qüvvə sağlam düşüncə nümayiş etdirərək sülh yolunu seçərsə, bundan ilk növbədə Ermənistanın özü qazanacaq.

Əks halda, 2020-ci ilin payızında yaşananların daha ağır nəticələri ilə üzləşmək ehtimalı qaçılmaz olacaq.

Pərviz Yəhyalı

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
icma.az

1Mənbələr