AZ

Vəli Qafarov: “Bütün rəqiblərdən təhlükə gözləyirik”

style='margin-bottom:10px;'>

“Hazırlığımız 6-7 həftə əvvəl başlayıb. Ölkə çempionatı yekunlaşdıqdan 3 gün sonra məşqlərə start verdik. Bu günə qədər hazırlığımız davam edir. Ölkə xaricində təlim-məşq toplanışında olduq, yoxlama oyunları keçirdik, beynəlxalq turnirdə çıxış etdik. Çox şükür, bütün sınaqlardan başıuca çıxmışıq”. 

QOL.az xəbər verir ki, bu sözləri minifutbol üzrə Azərbaycan milli komandasının qapıçısı Vəli Qafarov deyib. 

O, 2 gün sonra Slovakiyada keçiriləcək Avropa çempionatına birinci olmaq üçün yollanacaqlarını bildirib: 

“Avropa çempionatına dünya reytinqinin 1 nömrəsi kimi gedirik. Hər kəs bizə qarşı fərqli hazırlaşacaq. Biz də həmçinin. Ümidvaram ki, bu dəfə Avropa çempionu olacağıq. Komandanın hazırkı durumu belə düşünməyə əsas verir”. 

Təcrübəli qolkiper qitə birinciliyində bütün rəqiblərdən təhlükə gözlədiklərini vurğulayıb: “Azərbaycanda keçirilən son dünya çempionatından sonra hər bir yığma özünə daha çox diqqət ayırıb. Keçən Avropa çempionatında gördüyümüz İtaliya, Fransa kimi komandalar çox artırıblar. Bütün rəqiblərdən təhlükə gözləyirik”. 

V.Qafarov Azərbaycan Minifutbol Federasiyasının yığmaya böyük diqqət ayırdığını söyləyib: “Federasiya prezidenti ilə görüşümüz oldu. Orxan müəllim (Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov nəzərdə tutulur - red.) ürək sözlərini dedi, tövsiyələrini verdi. Bildiyim qədəri ilə özü də Avropa çempionatının oyunlarını canlı izləyəcək. Bir sözlə, federasiya rəhbərliyi tam dəstəklə arxamızdadır”. 

Seçilən
15
1
teleqraf.com

2Mənbələr