AZ

"Az bal toplayan abituriyentlər də bu imkanla təhsil almaq fürsəti əldə edir" - Ekspertdən mühüm AÇIQLAMA

"İmtahanda sualların asan və ya çətin olması, təbii ki, abituriyentlərin hazırlıq səviyyəsinə görə nisbi anlayışdır. Ümumilikdə suallar çətin, orta və asan səviyyəli tapşırıqların kombinasiyasından formalaşır. Çətin sualları adətən daha hazırlıqlı abituriyentlər cavablandıra bilir, orta və asan suallar isə daha geniş kütlə üçün nəzərdə tutulur".

Bu barədə Redaktor.az-a dünən baş tutan 2 və 3-cü qrupların blok imtanından danışan təhsil eksperti Elçin Süleymanov bildirdi.

O əlavə etdi ki, buraxılış imtahanı bir dəfə keçirilir, blok qəbul imtahanı isə iki cəhdlə verilir. Dolayısıyla abituriyentlər birinci cəhddə əldə etdikləri nəticəni artırmaq üçün əlavə şans qazanırlar.

"Balların müəyyənləşməsi və formalaşması tamamilə abituriyentlərin nəticələrinə əsasən aparılır. Qeyd etdiyim kimi, əvvəlki illərlə müqayisədə ciddi fərq olacağını düşünmürəm. Keçid ballarının aşağı düşməsi və ya yuxarı qalxması daha çox ayrılan plan yerləri və dövlət sifarişli yerlərin sayının artması ilə bağlı olur. Hər il, xüsusilə birinci qrup üzrə plan yerlərinin artırılması keçid ballarının və dövlət sifarişi ilə oxumaq istəyənlərin topladığı balların müəyyən qədər aşağı düşməsinə səbəb olur. Yəni daha az bal toplayan abituriyentlər də bu imkanla təhsil almaq fürsəti əldə edir. Ənənəvi ixtisas qrupları var ki, məsələn dördüncü qrupda tibb, üçüncü qrupda beynəlxalq münasibətlər və hüquq kimi ixtisaslarda keçid balları yüksək olur. Birinci qrupda isə kompüter mühəndisliyi, xüsusilə son illərdə populyarlaşan kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və digər ixtisaslarda da keçid balları yüksək səviyyədə qalır".

Ekspertin sözlərinə görə, digər universitetlərdə plan yerləri artırılarsa, - hansı ki, hər il mütəmadi şəkildə artırılır, - dövlət sifarişli yerlərin sayı da çoxalır.

"Buna görə keçid ballarının əvvəlki illə müqayisədə ciddi şəkildə fərqlənəcəyini düşünmürəm. Abituriyentlərin sayı bəllidir, 9 və 11-ci sinif üzrə ümumi bal bölgüsü də məlumdur. Buna görə imtahan suallarının asan və ya çətin olması tamamilə nisbi anlayışdır. Əgər imtahan asan olarsa, keçid balı daha yüksək olur, çətin olarsa, daha aşağı düşür. Amma müəyyən faiz göstəricisində yer alan abituriyentlər üçün bu, ciddi fərq yaratmır. Məsələn, elə ixtisaslar var ki, yalnız nəticələrə görə ən yüksək 1 faizdə yer alan abituriyentlər qəbul ola bilir. Bu zaman həmin şəxsin 700 bal toplaması və ya imtahan çətin olduğu üçün 650 bal toplaması qəbul nəticəsinə ciddi təsir göstərmir. Burada əsas meyar ümumi imtahanda iştirak edənlər arasında formalaşan nəticə bölgüsüdür. Ən yüksək nəticə göstərən, məsələn, 1 faizlik dilimdə yer alan abituriyentlər daha çox elit və keçid balı yüksək olan universitetləri seçirlər. Sonrakı 10 faizlik dilimdə olanlar əsasən dövlət sifarişli yerlərə qəbul olur. İmtahanda iştirak edənlərin təxminən 40-50 faizi həcmində nəticə göstərənlər isə müxtəlif universitetlərə yerləşə bilir. Qeyd etdiyim kimi, buraxılış imtahanını keçən və blok imtahanlarında müəyyən həddə, yəni təxminən 30-40 faiz səviyyəsində nəticə toplayan şəxs ixtisas seçimini düzgün edərsə, mütləq tələbə adını qazanır", - deyə Elçin Süleymanov qeyd etdi.

NURİYYƏ

Seçilən
18
1
redaktor.az

2Mənbələr