AZ

Tallində Azərbaycanın Müstəqillik Günü təntənəli mərasimlə qeyd olunub - FOTO

Tallində
28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Estoniyadakı səfirliyi tərəfindən Tallində təntənəli mərasim təşkil olunub. 1news.az xəbər verir ki, tədbir Estoniyanın və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən səfir Anar Məhərrəmov 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin tarixi hadisə olduğunu və ölkə dövlətçiliyinin inkişafında şanlı səhifələrdən biri təşkil etdiyini, qısa müddət ərzində Cümhuriyyətin dövlət quruculuğu prosesində böyük uğurlar qazandığını qeyd edib. Ölkəmizin 1991-ci ildə öz müstəqilliyini bərpa etdiyi, bununla belə müstəqilliyin ilk günlərdən çətinliklərlə üzləşdiyi vurğulanaraq, məhz xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və müdrik siyasəti sayəsində ölkədə siyasi, iqtisadi və maliyyə sabitliyinin yarandığı, irimiqyaslı islahatların həyata keçirildiyi, ölkə iqtisadiyyatına cəlb olunan birbaşa xarici sərmayələrin həcminin artdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, Heydər Əliyevin təşəbbüsü ilə aparılan islahatlar hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin təşəbbüsü ilə nəhəng enerji, nəqliyyat layihələri həyata keçirilir. Bildirilib ki, Azərbaycanın müəllifi və iştirakçısı olduğu Cənub Qaz Dəhlizi layihəsinin, onun əsas komponentləri olan TANAP və TAP-ın uğurla həyata keçirilməsi ölkəmizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktorlardan birinə çevirib. Diqqətə çatdırılıb ki, Azərbaycanın bütün sahələrdə, o cümlədən şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlər təsadüfi deyil ki, ölkəmizin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi etmək hüququ vermişdir. Bu xüsusda, cari ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi xüsusi əhəmiyyət daşıyır. Vurğulanıb ki, bu gün Azərbaycan öz ərazilərini işğaldan azad edərək dövlət suverenliyini tam bərpa etdikdən sonra həmin ərazilərdə genişmiqyaslı layihələr həyata keçirir. Hökumət bu ərazilərdə yaşıl enerji siyasətini elan etmiş və qısa müddət ərzində onları regionun ən inkişaf etmiş və cəlbedici məkanlarına çevirməyi qarşıya məqsəd qoymuşdur. Estoniya - Azərbaycan münasibətlərindən söz açan səfir diqqətə çatdırıb ki, bu gün iki ölkə arasında əlaqələr bütün sahələrdə, xüsusilə parlamentlərarası, humanitar və təhsil sahələrində uğurla inkişaf edir. Bildirilib ki, qarşılıqlı səfərlər və görüşlər ikitərəfli münasibətlərimizin daha da inkişafına töhfə verir. Hər iki ölkənin iqtisadi sahəyə artan maraqları qeyd olunaraq, ölkələrimiz arasında ticarət dövriyyəsinin əvvəlki illərlə müqayisədə xeyli artdığı vurğulanıb. Bu baxımdan Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında həyata keçirilmiş “LEF Network Azerbaijan” Biznes Şəbəkəsi layihəsinin özəl sektorlar arasında işgüzar əlaqələrin və əməkdaşlığın möhkəmləndirilməsinə müsbət töhfə verdiyi diqqətə çatdırılıb. Estoniya Hökumətinin ölkəmizdə səfirliyinin 2026-cı ildə açılması barədə rəsmi qərarın qəbul edildiyi qeyd olunaraq, bu addımın təqdirəlayiq olduğunu və iki ölkə arasında münasibətlərin daha da inkişafına əlavə təkan verəcəyi vurğulanıb. Sonra çıxış edən Estoniya - Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri xanım Mariya Yufereva-Skuratovski Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb. İkitərəfli münasibətlərə toxunan M.Yufereva-Skuratovski Estoniya ilə Azərbaycan arasında çoxillik dostluq və səmərəli əməkdaşlığın qarşılıqlı hörmət, etimad və bir-birinə səmimi maraq əsasında qurulduğunu bildirib. Müasir dövrdə sürətlə dəyişən dünyada etibarlı beynəlxalq tərəfdaşlıq əlaqələrinin xüsusi əhəmiyyət daşıdığı nəzərə alınaraq, bu xüsusda Estoniyanın Azərbaycan ilə münasibətlərə yüksək dəyər verdiyi və gələcəkdə ölkələrimiz arasında əlaqələrin daha da sıx olmasında maraqlı olduğu qeyd edildi. Daha sonra BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimi ilə bağlı videoçarx nümayiş olunub. Xüsusi guşədə Azərbaycan istehsalı olan məhsulların təqdimatı tədbir iştirakçılarında böyük maraq doğurub. Sonda tədbir iştirakçılarına milli mətbəximizin ləziz təamları təqdim edilib. Tədbirdə Estoniya parlamentinin üzvləri, Estoniyanın dövlət və hökumət qurumlarının nümayəndələri, bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri və əməkdaşları, həmçinin Estoniyadakı Azərbaycan və tatar icmalarının, yerli ictimaiyyətin və medianın təmsilçiləri iştirak ediblər.
Seçilən
1
1news.az

1Mənbələr