“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May-Müstəqillik günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri, millət vəkili, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Mənbəşünaslıq, Tarixşünaslıq və Metodika kafedrasının müdiri Anar İsgəndərov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Nihad Muxtarlı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin direktoru Amalya Sezgin, Bakı Şəhər Narkoloji Dispanserin baş həkimi Qalib Məmmədov, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov, YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, ərazi partiya təşkilatının sədr, sədr müavinləri, rayon ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri və fəal gənclər iştirak edib.
Tədbirdə İlk öncə YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.
Sonra 28 May-Müstəqillik Günü ilə əlaqədar 4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə sərgiyə baxış keçirilib.
YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri, millət vəkili, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Mənbəşünaslıq, Tarixşünaslıq və Metodika kafedrasının müdiri Anar İsgəndərov qeyd edib ki, 1918-ci ilin bu müqəddəs günündə bütün müsəlman Şərqində ilk dünyəvi, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti bəyan edilmişdir. Bu tarixi addım xalqımızın azadlıq və müstəqillik iradəsinin, çoxəsrlik dövlətçilik ənənələrinin mütərəqqi bir təzahürü idi. İstiqlal Bəyannaməsinin imzalanması ilə xalqımız öz taleyinin sahibi olduğunu, milli kimliyini və suverenliyini bütün dünyaya nümayiş etdirdi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlət təsisatlarının yaradılması, ana dilinin dövlət dili elan edilməsi və qadınlara seçki hüququnun verilməsi və s. kimi nəhəng tarixi islahatlara imza atdı. Bu respublika süqut etsə də, onun qəlblərə əkdiyi müstəqillik toxumları heç vaxt məhv olmadı və gələcək nəsillər üçün əsas istiqamətə çevrildi. XX əsrin sonlarında xalqımız öz tarixi şansını yenidən qazanaraq, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdi. Lakin müstəqilliyi elan etmək nə qədər çətin idisə, onu qoruyub saxlamaq və möhkəmləndirmək ondan qat-qat çətin bir vəzifə idi. Məhz 1990-cı illərin əvvəllərində ölkəmiz daxili xaos, xarici təzyiqlər və Ermənistanın hərbi təcavüzü səbəbindən parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir taleyüklü məqamda xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı bu fəlakətlərdən xilas etdi. Ulu Öndər öz fenomenal siyasi zəkası, sarsılmaz iradəsi və uzaqgörən strategiyası ilə müstəqilliyimizi daimi, dönməz və əbədi etdi. Onun rəhbərliyi altında dövlət quruculuğu prosesi sürətləndi, hüququn aliliyi təmin olundu və Azərbaycan beynəlxalq arenada layiqli yerini tutmağa başladı. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kurs bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük uğurla və qətiyyətlə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən qüdrətli bir dövlətə çevrildi, regionun şəksiz lideri statusunu qazandı. Bu güclü iqtisadiyyat və müasir ordu quruculuğu strategiyası xalqımızın 30 illik torpaq həsrətinə son qoymaq üçün möhkəm zəmin hazırladı. Nəhayət, 2020-ci ilin payızında başlayan Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində qazanılan tarixi Zəfərlər sayəsində torpaqlarımız işğaldan tamamilə azad olundu. Bu gün üçrəngli dövlət bayrağımız Şuşada, Xankəndidə, Xocalıda və Qarabağın hər bir guşəsində əbədi olaraq dalğalanır. Məhz bu böyük Zəfərlər sayəsində bu gün 28 May-Müstəqillik Gününü artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş məğrur bir xalq olaraq qeyd edirik.
Çıxışdan sonra fəxri fərman və sertifikatlar təqdim edilib. Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Sonda 4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin təqdimatında bədii hissə təqdim edilib, xatirə şəkli çəkdirilib.








