AZ

“90 dəqiqəlik pulsuz transfer tətbiq edilərsə, tıxac və interval problemləri də həll olunmalıdır” - AÇIQLAMA

Azərbaycanda ictimai nəqliyyatda gediş-dönüş sistemində inqilabi yeniliklər gözlənilir. Yaxın gələcəkdə sərnişinlər üçün gündəlik, aylıq və illik bilet paketləri istifadəyə veriləcək, həmçinin 90 dəqiqə ərzində bir nəqliyyat vasitəsindən digərinə pulsuz keçid təmin ediləcək. Bu barədə Milli Məclisin deputatı Azər Badamov danışıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Günay Hüseynova bildirdi ki, ictimai nəqliyyatda paketli gedişlərin tətbiq olunacağı təqdirəlayiq addımdır:

“İlk növbədə məsələnin görünməyən tərəflərini qeyd etmək istəyərdim. Əgər gəlirlər artmırsa, bu, ilk növbədə aztəminatlı ailələrin yükünü daha da artıracaq. Məsələn, hər kəs şəhərin mərkəzində yaşamır. 90 dəqiqə ərzində digər nəqliyyat vasitəsindən pulsuz istifadə imkanı yaradılırsa, bu zaman tıxac problemini və nəqliyyat vasitələrinin interval məsələsini də həll etmək lazımdır. Məsələn, Sumqayıtla Bakı arasında urbanizasiya problemi var. Elə olur ki, vətəndaş Sumqayıtdan Bakıya qədər 1 saat, hətta 1 saat 20 dəqiqə tıxacda qalır. Bundan sonra mərkəzdən iş yerinə qədər olan məsafəyə görə əlavə ödəniş tətbiq ediləndə həmin şəxsin xərcləri artır".

Ekspert əlavə etdi ki, ictimai nəqliyyatda yeni tarif sisteminin tətbiqi ilk növbədə bu sahədə qiymət artımına səbəb olacaq.

"Yəni bu gün vətəndaş düşünməsin ki, 60 qəpik gedişhaqqı ödəyəcək, sonra isə 90 dəqiqəlik pulsuz keçid imkanından istifadə edib mənzil başına çatacaq. Məsələn, Türkiyədə bu sistem mövcuddur. Şəxs istər aylıq paket ala bilər, istərsə də mobil tətbiq, köşk və ya metro vasitəsilə balans artıraraq gediş haqqını ödəyə bilər. Orada fərqli və maraqlı məqam isə odur ki, şagird və tələbələr üçün xüsusi paketlər var. Şəhid ailələri və qazilər, həmçinin 65 yaşdan yuxarı vətəndaşlar gedişhaqqından azaddırlar. Günlük və tək istifadəyə uyğun paketlər və kartlar da mövcuddur. Onlar adi paketlərlə müqayisədə bir qədər bahadır. Həmin kartlar əsasən turistlər və şəhər xaricindən gələn vətəndaşlar üçün nəzərdə tutulub. Düşünürəm ki, əhalinin həssas təbəqəsi nəzərə alınmaqla paketli ödəniş sistemi daha məqsədəuyğun olar", - deyə G.Hüseynova yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
57
1
redaktor.az

2Mənbələr