Bakı, 25 may, AZƏRTAC
Cavad Heyət Azərbaycanın həmişə iftixar duyduğu və gələcəkdə də iftixar duymalı olduğu nadir bir şəxsiyyət idi. O, cərrah bıçağı ilə bir ürək həkimi olaraq, qələmi ilə bir alim olaraq Azərbaycana müstəsna xidmətlər göstərib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyin direktoru akademik Rafael Hüseynov deyib. O bildirib ki, Cavad Heyət 1979-cu ildə İranda ana dilində “Varlıq” jurnalını nəşr etdirməyə başlayıb: “Varlıq” jurnalı 40 ilə yaxın bir müddət ərzində Azərbaycan insanına ana dilində tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi öyrətdi. “Varlıq” jurnalının Azərbaycan gerçəkliyindəki yerini Mirzə Cəlilin “Molla Nəsrəddin”i, Əlibəy Hüseynzadənin “Füyuzat”ı, Anarın “Qobustan”ı ilə müqayisə eləmək mümkündür. Türk dillərinin tarixi, onların müqayisəsi, digər dillərdən bir çox cəhətdən üstünlüyü Cavad Heyətin əsas araşdırma mövzularından biri idi. Vaxtilə Əlişir Nəvai farscanı türkcə ilə müqayisə eləyərək qiymətli bir əsər yazmışdı. Cavad Heyət XX yüzildə ona cavab yazdı. Cavad Heyətin varlığı ilə sanki Türk dünyası daha bütöv olurdu. O, mötəbər bir körpü idi ki, türk xalqlarını, türk ədəbiyyatlarını, türk dillərini birləşdirirdi”.
Rafael Hüseynov qeyd edib ki, Cavad Heyət ömür hekayətini qələmə almaq məqsədilə “Atam və mən” adlı xatirələr toplusu tərtib eləyib: “Kitabı farsca yazmasının səbəbi isə oxucu kütləsinin daha geniş olması idi. Onun bir çox əsərləri həm farsca yazılıb, həm sonra Azərbaycan dilinə tərcümə olunub. Bəzi əsərlərini birbaşa fransız dilində yazıb. O, bir çox dilləri mükəmməl bilirdi. Ancaq bu əsərində İranın da, Azərbaycanın da tarixi var. Ən əvvəl bir ziyalının özünü necə yetişdirməsini, necə millətin çırağı ola biləcək bir insana çevrilməsinin hekayəti var. İndi o kitab Azərbaycan dilində təqdim olunur. Düşünürəm ki, həmin kitab bir vasitə olacaq ki, insanlarımız doktor Cavad Heyəti daha yaxşı tanısın, onun işığının nə qədər gur olduğunu bir az da aydın dərk eləsinlər”.