Sosial şəbəkələrdə İmam Hüseyn məscidinə daxil olmaq istəyən vətəndaşlardan ödəniş tələb edildiyi barədə görüntülər yayılıb. İddialara görə, ərazidə idmanla məşğul olan şəxslər əl-üzlərini yumaq üçün məscidin sanitar qovşağına keçmək istəyərkən onlardan pul tələb olunub. İbadət və ziyarət məkanında belə bir tələbin nə dərəcədə qanuni olması məsələsi isə ictimaiyyətdə ciddi suallar doğurub.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli bildirdi ki, istənilən məsciddə dəstəmaz almaq, ibadət etmək, dua etmək vətəndaşların mənəvi borcudur:

"Orada insanlar Allaha dua edirlər, məscidlər Allahın evidir. Bir yönü ilə məscid və məscid ətrafında olan bağlar, bağçalar, ərazilər həmişə vəqf olunur. Yəni Allahın mülkiyyəti hesab edilir. Ona görə də belə bir yerdə hansı ad altında olursa-olsun, dəstəmazın pulla olması qətiyyən yol verilən hal deyil. Bəlkə də burada düzgün anlaşılmayan məqamlar ola bilər. Bəzən kommunal xərclərin qarşılanması ilə bağlı müəyyən fikirlər səslənə bilər. Amma ümumilikdə heç bir məsciddə, heç bir yerdə dəstəmaz almaq pulla olmur. Belə bir xidmət növü İslamda yoxdur. Məsciddə, məscid ətrafında, həyətində olan sudan istifadə, su içilməsi, dəstəmaz alınması və digər xidmətlər həmişə pulsuz olur. Ona görə də məsələyə bu şəkildə yanaşmaq lazımdır".
NURİYYƏ