Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 25 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Konfutsi İnstitutu və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə XXV “Çin dili körpüsü” beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında çıxış edən beynəlxalq əlaqələr üzrə prorektor Şahin Pənahov belə nüfuzlu beynəlxalq müsabiqənin Bakı Dövlət Universitetində keçirilməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Azərbaycanla Çin arasında münasibətlər uzun illərdir qarşılıqlı hörmət və dostluq prinsipləri əsasında inkişaf edir, bu əməkdaşlıq xüsusilə təhsil, elm və mədəniyyət sahələrində daha da güclənir. Prorektor bildirib ki, BDU Azərbaycanda Çin dili və mədəniyyətinin öyrənilməsi sahəsində öncül ali təhsil müəssisələrindən biridir. Çıxışda, həmçinin Anhui Universiteti ilə həyata keçirilən ikili diplom proqramlarının tələbələr üçün yeni beynəlxalq imkanlar yaratdığı, yüksək nəticə göstərən gənclərin Çində təhsil almaq və təcrübə qazanmaq şansı əldə etdiyi vurğulanıb.
Çinin Azərbaycandakı səfiri Lu Mey isə Çin-Azərbaycan dostluğunun dərin tarixi köklərə malik olduğunu bildirib. O qeyd edib ki, Çin dili artıq yalnız ünsiyyət vasitəsi deyil, sivilizasiyalar arasında qarşılıqlı anlaşmanı gücləndirən mühüm bir körpüyə çevrilib. O bildirib ki, “Çin dili körpüsü” müsabiqəsi Azərbaycanda on ildən çoxdur keçirilir və bu müddət ərzində mühüm bir humanitar brend kimi formalaşıb. Hazırda Azərbaycanda Çin dili öyrənənlərin sayının 8000 nəfəri keçdiyi qeyd olunub.
Səfir, həmçinin Konfutsi institutlarının Çin dilinin tədrisi və mədəniyyətin təşviqi sahəsində fəal rol oynadığını, azərbaycanlı gənclərin Çində təhsil və mübadilə imkanlarının genişləndirilməsinin prioritet olduğunu bildirib. O, iki ölkə arasında humanitar əməkdaşlığın davamlı şəkildə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Müsabiqədə ölkənin müxtəlif təhsil ocaqlarından Çin dilini öyrənən tələbələr iştirak ediblər. Onlardan 10 nəfəri müsabiqənin finalına vəsiqə qazanıb. İştirakçılar dil bilikləri ilə yanaşı, rəqs, rəsm, musiqi və aktyorluq kimi istedadlarını da sərgiləyiblər.
Müsabiqədə BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələri Darya Yefimova I yerə, Yusif Maçanov II yerə, Ayan Əskərli, Ayla İsmayılova və Azərbaycan Dillər Universitetinin tələbəsi Fatimə Əliyeva isə III yerə layıq görülüblər.
Müsabiqədə I yeri qazanan iştirakçı Azərbaycanı müsabiqənin Çində keçiriləcək final mərhələsində təmsil edəcək.








Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.