ain.az, Sherg.az saytına istinadən bildirir.
Dövlət qurumları və bank sektoru vətəndaşların nəğdsiz ödənişlərə üstünlük verməsində maraqlıdır
Azərbaycanda banklardan kənarda dövriyyədə olan nağd pul vəsaitlərinin həcmi artmaqda davam edir. Mərkəzi Bankın açıqladığı son statistik göstəricilər əhalinin və biznes subyektlərinin nağd pula marağının hələ də yüksək olaraq qaldığını göstərir.
Xüsusilə regionlarda və kiçik ticarət sektorunda nağd hesablaşmaların geniş yayılması bu tendensiyanı şərtləndirən əsas amillərdən biri hesab olunur. Ekspertlər isə hesab edir ki, inflyasiya, nominal gəlirlərin artması və istehlak xərclərinin yüksəlməsi də dövriyyədəki pul kütləsinə təsir göstərən mühüm faktorlar sırasındadır.
Qeyd edək ki, Mərkəzi Bankın məlumatında cari ilin aprel ayında banklardan kənarda nağd pul vəsaitlərinin həcmi (M0) 18 milyard 331.9 milyon manata çatdığı bildirilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14.24 faiz çoxdur. Hesabat dövründə geniş mənada pul kütləsi (M3) isə 50 milyard 168.1 milyon manat təşkil edib və illik müqayisədə 6.27 faiz artıb. Mayın 1-nə olan vəziyyətə əsasən, banklardan kənarda olan nağd pulların geniş mənada pul kütləsində payı 36.54 faiz olub.
İqtisadçı Xalid Kərimli Sherg.az-a bildirib ki, ötən illə müqayisədə banklardan kənarda nəğd pul vəsaitlərinin həcmi 14 faiz artsa da, bu rekord göstərici hesab edilmir. Eyni zamanda, bu artım diqqətçəkən göstərici olsa da, birbaşa kölgə iqtisadiyyatının genişlənməsi kimi dəyərləndirmək doğru yanaşma deyil. Ekspertin fikrincə, bu artıma təsir edən bir sıra obyektiv iqtisadi amillər mövcuddur:
"İlk növbədə inflyasiya fonunda qiymətlərin yüksəlməsi və əhalinin nominal gəlirlərinin artması dövriyyədəki pul kütləsini artırır. Ötən il əməkhaqlarında 9.3 faiz artım qeydə alınmışdısa, builki statistikada əhalinin nominal gəlirlərinin təxminən 7 faiz yüksəldiyi görünür. Bu isə insanların gündəlik istifadə etdiyi nəğd vəsaitlərin həcminə birbaşa təsir edir.
Digər tərəfdən, Mərkəzi Bankın əsas məqsədi vəsaitlərin mümkün qədər bank sistemində cəmləşməsidir. Son illər həyata keçirilən sərt və ya “bahalı pul” siyasəti də məhz bu məqsədə xidmət edir. Faiz dərəcələrinin yüksək saxlanılması əhalini daha çox depozit yerləşdirməyə həvəsləndirir. Təsadüfi deyil ki, Mərkəzi Bank rəsmiləri çıxışlarında yeni depozitorların sayının artmasını xüsusi vurğulayırlar. Bu, bank sektoruna etimadın və yığımların artmasının göstəricisi kimi təqdim olunur".
X. Kərimli qeyd edib ki, dövlət qurumları və bank sektoru vətəndaşların nəğdsiz ödənişlərə üstünlük verməsində maraqlıdır: "Vəsaitlərin kartlarda və cari hesablarda dövriyyəsi həm maliyyə nəzarətini gücləndirir, həm də iqtisadiyyatın daha şəffaf olmasına imkan yaradır" .
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.