“Google” yeni ağıllı eynəyini təqdim edib. Şirkət bu dəfə “Warby Parker” və “Gentle Monster” ilə əməkdaşlıq edərək süni intellekt dəstəkli yeni “audio glasses” seriyasını elan edib. Qurğular həm Android, həm də iOS cihazları ilə uyğun işləyəcək və layihənin hazırlanmasında “Samsung” da iştirak edib. “Google”un təqdim etdiyi eynəklər “audio glasses” adlandırılır. Bunun əsas səbəbi cihazların əsasən səsli əmrlərlə idarə olunmasıdır. İstifadəçilər “Gemini” platforması vasitəsilə eynəklə danışaraq müxtəlif tapşırıqları yerinə yetirə biləcəklər.
Təqdimat zamanı nümayiş etdirilən demoda istifadəçi sadəcə eynəyə səsli komanda verərək qəhvə sifariş edib. Eynək smartfonla sinxron işləyərək tapşırığı avtomatik icra edib. Bu yanaşma “Meta”nın son illərdə populyarlaşdırdığı ağıllı eynək strategiyasını xatırladır.
Qeyd edək ki, Google daha əvvəl də ağıllı eynək bazarına daxil olmuşdu. Şirkətin illər əvvəl təqdim etdiyi Google Glass layihəsi böyük maraq doğursa da, kommersiya baxımından uğurlu nəticə verməmişdi. Hətta həmin dövrdə “glassholes” termini də yaranmışdı. Lakin bazar artıq əvvəlki kimi deyil. Son illərdə “Meta” və digər texnologiya şirkətləri süni intellekt dəstəkli ağıllı eynəklərə ciddi sərmayə yatırırlar. “Google”un “Gemini” inteqrasiyalı yeni audio eynəkləri də bu rəqabəti daha da gücləndirə bilər. Şirkət yeni məhsulun ilin sonuna doğru satışa çıxacağını açıqlayıb.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”