ain.az, Demokrat.az saytına istinadən bildirir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiqlənən “2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakıdakı universitet və məktəblərin açılış saatlarının pilləli qrafikə keçirilməsi planı paytaxtın nəqliyyat sistemində inqilabi dəyişikliklərin əsasını qoyur. Bu qərar pik saatlarda təhsil müəssisələrinin yaratdığı kütləvi insan axınını fərqli zaman dilimlərinə bölməklə şəhərdəki xroniki nəqliyyat sıxlığını və tıxacları əhəmiyyətli dərəcədə azaltmağı hədəfləyir. Digər tərəfdən, dərs saatlarının dəyişməsi işləyən valideynlərin gündəlik rejimində, övladlarını məktəbə yola salma və qarşılama qrafiklərində ciddi logistik uyğunlaşma tələb edəcək. Şəhər hərəkətliliyini yenidən formalaşdıracaq bu mühüm islahat həm yollardakı gərginliyi azaltmaq potensialına, həm də ailələrin sosial həyat ritminə birbaşa təsir göstərmək gücünə malikdir.Mövzu ilə bağlı deputat Arzuxan Əlizadə Demokrat.az-a bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli sərəncamı ilə Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illəri əhatə edən dövlət proqramı təsdiq olunub:“Bu dövlət proqramı Bakı şəhərinin 2020-2040-cı illər üçün nəzərdə tutulmuş Baş Planına uyğun olaraq hazırlanıb. Proqramın əsas məqsədi Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, eləcə də əhaliyə göstərilən nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasıdır. Sənəddə bir sıra mühüm istiqamətlər nəzərdə tutulur və həmin proqram bu məsələləri özündə ehtiva edir. Məsələ burasındadır ki, Bakı şəhərində nəqliyyat sıxlığı kifayət qədər ciddi problemdir və bu problem getdikcə daha da artır. Bu isə insanların gündəlik həyatında narahatlığa səbəb olur. Bu baxımdan, sıxlığın müəyyən qədər tənzimlənməsi, azaldılması və vətəndaşlara nəqliyyatdan istifadə zamanı daha rahat və uyğun xidmətlərin təqdim olunması əsas hədəflərdən biridir. Əslində, Bakıda ən problemli dövr səhər saatları təxminən 07:00-dan 09:00-a qədər olan vaxt hesab olunur. Məhz bu saatlarda pik yüklənmə müşahidə edilir. Çünki məktəblər, universitetlər, digər təhsil müəssisələri, eləcə də dövlət qurumları və ofislər demək olar ki, eyni saatda fəaliyyətə başlayır. Nəticədə minlərlə insan eyni anda yola çıxır və bu da şəhərdə ciddi sıxlıq yaradır”.O deyib ki, bu vəziyyəti müəyyən qədər tənzimləmək üçün pilləli iş və dərs qrafikinin tətbiqi daha məqsədəuyğun hesab olunur:“Burada əsas məqsəd nəqliyyat yükünü zaman baxımından bölməkdir. Yəni bəzi müəssisələrin saat 08:00-da, digərlərinin 09:00-da, bir qisminin isə 10:00-da fəaliyyətə başlaması insanların eyni vaxtda küçələrə axınının qarşısını müəyyən qədər ala bilər. Bu yanaşma xüsusilə metroda və şəhərin əsas magistral yollarında sıxlığın nisbətən yumşalmasına kömək edə bilər. Amma əvvəlcədən bunun nəqliyyat sıxlığını tam şəkildə aradan qaldıracağını düşünmürəm. Çünki burada əsas məsələ proqramın praktik şəkildə necə həyata keçiriləcəyidir. Hansı formatda tətbiq olunacağı olduqca vacibdir. Eyni zamanda, müəyyən çətinliklər də yarana bilər. Məsələn, bir ailədə iki və ya üç uşaq varsa və onlar fərqli saatlarda məktəbə getməlidirlərsə, bu vəziyyət valideynlər üçün əlavə problemlər yarada bilər”.Deputat qeyd edib ki, bu məsələdə ictimai nəqliyyatın fəaliyyəti xüsusi önəm daşıyır:“İctimai nəqliyyatın qrafik üzrə işləməsi, intervalların minimuma endirilməsi olduqca vacibdir. Bundan əlavə, məktəb avtobuslarından və servis xidmətlərindən istifadənin genişləndirilməsi daha uyğun həll yolu ola bilər. Xarici ölkələrin, xüsusilə də əhalisi sıx olan paytaxt şəhərlərinin təcrübəsindən yararlanmaq da mühüm əhəmiyyət daşıyır. Beynəlxalq təcrübənin tətbiqi bu istiqamətdə faydalı nəticələr verə bilər. Bakı şəhərinin yükünü azaltmaq üçün bəzi ali təhsil müəssisələrinin, orta ixtisas məktəblərinin, eləcə də bir sıra mərkəzi icra qurumlarının, nazirlik və komitələrin regionlara köçürülməsi də müsbət təsir göstərə bilər. Həmin qurumların regionlarda fəaliyyət göstərməsi Bakıdakı nəqliyyat sıxlığının azalmasına xidmət edən addımlardan biri kimi qiymətləndirilə bilər. Bildiyim qədərilə, bu məsələ də gündəmdədir. Əgər Azərbaycan hökuməti bu istiqamətdə real addımlar atarsa, gələcəkdə daha böyük narahatlığa səbəb ola biləcək nəqliyyat sıxlığının müəyyən qədər aradan qaldırılması mümkün ola bilər”.Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.