Kəşfiyyat raket, təyyarə və pilotsuz aparatların daşınmasını əvvəlcədən izləyə bilir...
Ukrayna və ABŞ kəşfiyyat qurumları Rusiya tərəfindən həyata keçirilən genişmiqyaslı raket və dron hücumlarına hazırlıq barədə, adətən, hücumdan təxminən bir həftə əvvəl məlumat əldə edə bilir.
Poliqon xəbər verir ki, bu barədə Le Monde nəşri yazıb.
Məlumata görə, belə hücumların hazırlanması mürəkkəb logistika tələb etdiyindən kəşfiyyat xidmətləri təyyarələrin, hərbi gəmilərin, sualtı qayıqların və raketlərin daşınmasını əvvəlcədən izləmək imkanına malik olur. Hücum üçün sursatın çatdırılması, təyyarələrin silahlandırılması və onların əməliyyat aerodromlarına yerləşdirilməsi vaxt tələb edən proses hesab olunur.
Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat bildirib ki, Rusiyanın son kütləvi hücumları üçün “bir neçə on min hərbçi” cəlb olunub. Onun sözlərinə görə, raketlərin daşınması, döyüş təyyarələrinin silahlandırılması və aktiv aerodromlara köçürülməsi saatlar, hətta günlər çəkə bilər.
İqnat qeyd edib ki, məsələn, mayın 14-də baş vermiş genişmiqyaslı hücum barədə Ukrayna tərəfi altı gün əvvəl məlumatlı olub. Hücumdan təxminən üç saat əvvəl isə istifadə olunacaq raketlərin sayı və növləri ilə bağlı kifayət qədər dəqiq təsəvvür formalaşıb.
Nəşrin məlumatına əsasən, Rusiya hazırda gündə təxminən 130 zərbə dronu, eləcə də eyni sayda saxta hədəf istehsal edir. Təxminən 500 pilotsuz uçuş aparatının bir hücum üçün toplanması isə ən azı bir həftə vaxt aparır.
Poliqon.info