AZ

Siracəddin Səyyidin “Vaxt heykəli”nə bir baxış

ain.az, 525.az saytına istinadən bildirir.

Gülxani PƏNAH

Filologiya elmləri doktoru, dosent

Siracəddin Səyyid Özbəkistan ədəbiyyatının Azərbaycan ədəbi mühitində geniş tanınan nümayəndələrindən biridir. O, 1958-ci ildə Özbəkistanın Surxandərya vilayətində dünyaya göz açıb. Uşaqlıq və gənclik illərindən ədəbiyyata, xüsusilə poeziyaya böyük maraq göstərən şair sonralar bu sahədə özünəməxsus yaradıcılıq yolu formalaşdırıb. Ali təhsilini Daşkənd Dövlət Univer¬sitetinin Jurnalistika fakültəsində alan Siracəddin Səyyid 1980-ci ildə universiteti uğurla bitirib. Jurnalistika təhsili onun həm dünyagörüşünün genişlənməsinə, həm də bədii düşüncəsinin daha da zənginləşməsinə mühüm təsir göstərib.

Şairin ədəbi fəaliyyətinin başlanğıcı 1980-ci illərə təsadüf edir. Onun ilk kitabı olan “Ruhum xəritəsi” 1984-cü ildə Qafur Qulam adına Ədəbiyyat və sənət nəşriyyatında çap olunmuş və oxu¬cular tərəfindən maraqla qarşılanıb. Bu kitab gənc müəllifin poetik duyumunu, vətənə, insana və mənəvi dəyərlərə bağlılığını nümayiş etdirən uğurlu başlanğıc hesab edilir. Sonrakı illərdə Siracəddin Səyyid bir-birinin ardınca müxtəlif mövzularda əsərlər yazaraq özbək ədəbiyyatında tanınmış söz adamlarından birinə çevrilib.

Onun “Sevgi məmləkəti”, “Qoru”, “Mehr qalır, məhəbbət qalır”, “Yandım”, “Evindəki be¬şiklər”, “Vətəni öyrənmək”, “Yiyəsi var yurd”, “Vətən əbədidir”, “Könül fəsli”, “Yaşasın ya¬ğışlar” və digər kitablarında insan duyğuları, məhəbbət, vətən sevgisi, milli-mənəvi dəyərlər və həyat həqiqətləri poetik dillə əks olunub. Şairin yaradıcılığı səmimiyyəti, dərin lirizmi və milli ruhu ilə seçilir. Onun əsərləri yalnız oxucuların deyil, ədəbi mühitin də diqqətini cəlb edib, yüksək qiymətləndirilib.

2008-ci ildə “Şərq” nəşriyyatı tərəfindən Siracəddin Səyyidin iki cilddən ibarət seçilmiş əsər¬ləri nəşr edilib. Bu nəşr şairin uzun illər ərzində yaratdığı zəngin ədəbi irsin ümumiləş¬dirilmiş təqdimatı kimi dəyərləndirilib.

***

Siracəddin Səyyid yalnız şair kimi deyil, həm də uğurlu tərcüməçi kimi tanınır. O, çağdaş Azərbaycan poeziyasının bir sıra görkəmli nümunələrini özbək dilinə çevirərək iki xalqın ədəbi-mədəni əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verib. Tərcümələri vasitəsilə Azərbay¬can şairlərinin yaradıcılığı özbək oxucularına daha yaxından təqdim olunub.

Onun bu yaxınlarda Azərbaycan ədəbi mühiti ilə görüşü Azərbaycan, həm də Özbəkistan ədəbi mühiti üçün əlamətdar hadisə kimi yadda qaldı. Siracəddin Səyyid Özbəkistan Yazıçılar Birliyinin sədri və Xalq şairidir. O, eyni zamanda Azərbaycana səfər edən ilk Özbəkistan Yazıçılar Birliyi sədri kimi xüsusi diqqət çəkdi. Bu görüş iki qardaş xalqın ədəbi və mədəni əlaqələrinin daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyırdı.

Onun “Vaxt heykəli” (Bakı. “Zərdabi nəşr” 2026) adlı kitabı Azərbaycan dilində oxucuları¬mıza təqdim edilib. Bu kitabda toplanan bədii nümunələri türk dünyasının yüksək sənətkarlıqla yazılmış bədii əsərləri kimi qiymətləndirmək olar. 

***

Çağdaş özbək ədəbiyyatında Siracəddin Səyyidin imzası mühüm yer tutur. Onun “Yunus İmrə” şeiri kiçik həcmli olsa da, böyük və zəngin fəlsəfi fikir¬ləri özündə ehtiva edir. 90-cı illərdə yazılmış bu şeirdə Yunis İmrə ruhu duyulur. 

"Məni sorma məndən, məndə deyiləm",

Fəqir donundayam, canda deyiləm.

Könül dərsindəyəm, ruh aləmində,

Ki sənin gördüyün təndə deyiləm.

Yunus İmrə türk dünyasının ən böyük sufi şairlərindən biri hesab olunur. Onun poeziyasında insanın daxili aləmi, ilahi eşq, mənəvi kamillik və nəfsdən uzaqlaşma kimi mövzular əsas yer tutur. “Məni sorma məndən, məndə deyiləm” misrası da Yunus İmrənin sufi düşüncəsini əks etdirən dərin mənalı ifadələrdən biridir. Siracəddin Səyyid isə Yunus İmrənin bu məşhur misrasından təsirlənərək ona poetik davam verir. Siracəddin Səyyidin şeirində də Yunus İmrənin poetik ruhu və sufi dünyagörüşü davam et¬dirilir. Şair klassik sufi poeziyasının ideyalarını müasir poetik duyumla birləşdirərək insanın daxili aləmini, ruhani axtarışlarını və mənəvi varlığını ön plana çıxarır. Beləliklə, bu misralar həm klassik türk təsəvvüf poeziyasının davamı, həm də mənəvi kamilliyə çağırış kimi dəyərləndirilə bilər.

***

Siracəddin Səyyidin “Mir Əlişir Nəvai” şeirində şair Nizami ruhlu böyük özbək şairi Əlişir Nəvai aləminə baş vurur.

Diriliyin zəngi Nəvai,

Böyüklüyün rəngi Nəvai.

İşıqlandı ziyasız aləm,

Türk ellərinin danı Nəvai.

Beş əsrlik röyadır dünya,

Beş əsrlik çini Nəvai. 

Bu şeirində müəllif böyük sənətkarın mənəvi böyüklüyünü, poeziyasının əbədiliyini və türk dün¬yası üçün daşıdığı tarixi əhəmiyyəti poetik dillə ifadə edir. Şeir həm məzmun, həm də ideya baxı¬mından Nəvai şəxsiyyətinə dərin ehtiram nümunəsi kimi diqqəti cəlb edir.

Əlişir Nəvai poeziyası ilə Siracəddin Səyyidin bu şeiri arasında dərin ideya yaxınlığı vardır. Nəvainin öz yaradıcılığında insan sevgisi, elm, mənəviyyat və türk dilinə bağlılıq əsas yer tuturdu. O, türk dilinin zənginliyini sübut etməyə çalışmış, poeziyanı mənəvi kamillik vasitəsinə çevir¬mişdir. “Mir Əlişir Nəvai” şeirində də həmin ideyalar davam etdirilir. Müəllif  Nəvaini sadəcə klassik şair kimi deyil, milli kimliyin və türk mənəviyyatının simvolu kimi təqdim edir.

***

Siracəddin Səyyidin “Əmir Teymurun heykəli qarşısında” şeiri qəhrəmanlıq, tarix və mə¬nəvi güc ideyasını birləşdirən poetik nümunədir. Şeirin mərkəzində Əmir Teymur obrazı dayanır və onun heykəli sadəcə daş abidə deyil, tarixi iradənin və milli yaddaşın rəmzi kimi təqdim olunur.

Ədalət daim belə:

          yavaş-yavaş yüksələr.

Yamanlıq əzəl-əbəd

            yer təkində gizlənər.

Ədavət ilə gələn

              indi hər hansı bir güc,

Əmir Teymur heykəlinə

           dəyib parçalanacaq.  

Şeirin əsas mövzusu ədalətin gec də olsa qalib gəlməsi, pisliyin gizli və zəif mahiyyəti, düş¬mənçilik və zorakılığın məğlubiyyəti, böyük tarixi şəxsiyyətlərin mənəvi qüdrətidir. 

“Əmir Teymur heykəlinə dəyib parçalanacaq.” – Bu misra simvolik məna daşıyır. Heykəl tarixin gücü, milli iradə, sarsılmazlıq, qəhrəmanlıq rəmzidir. Düşmən qüvvələrin həmin möhkəm iradə qarşısında məhv olacağı ideyası verilir.

Şeirdə bir neçə bədii ifadə vasitəsindən istifadə olunub. Buradakı metafora (“Yamanlıq yer təkində gizlənər” – pislik canlı varlıq kimi təqdim olunur.), Simvol (“Əmir Teymur heykəli” – yalnız abidə deyil, qüdrət və tarix simvoludur.), Təzad (“Ədalət” və “yamanlıq” qarşılaşdırılır.) şeirin bədii ifadə vasitələrindəndir. 

Şeirin əsas ideyası budur ki, həqiqət və ədalət gec də olsa qalib gəlir; nifrət üzərində qurulan qüvvələr məhvə məhkumdur; böyük tarixi şəxsiyyətlərin ruhu və ideyaları zaman keçsə də yaşayır. 

Üslub baxımından şeir ciddi, qürurlu və pafoslu tonda yazılıb. Tarixi şəxsiyyət vasitəsilə milli ruh və müqavimət hissi gücləndirilir.

***

“Əbədi adlar” şeiri Türk-islam dünyasının böyük tarixi, mənəvi və mədəni şəxsiyyətlərinə həsr olunmuş vətənpərvər-fəlsəfi məzmunlu poetik nümunədir. Müəllif Vətəni yalnız coğrafi mə¬kan kimi yox, yüzilliklər boyu yetişdirdiyi alimlər, hökmdarlar, sufilər və sənətkarlarla birlikdə təqdim edir. Şeirin əsas ideyası budur ki, böyük şəxsiyyətlər yaşadıqca xalqın və yurdun adı da əbədi yaşayır.

Ölməz yer üzündə Buxara adı,

Nə qədər yaşayır Buxari adı.Əbədi əsəcək Termiz yelləri,

Ta ki nur saçırlar Termiziləri.Öpür bu torpağı nə qədər can var,

Həzrə Yəsəvi var - Türküstan var.Amudəryaları əbədi, əzim,

Mənquverdiləri mənqu Xarəzm.

Şeirin əvvəlində Buxara və İmam Buxari adı yanaşı çəkilir. Burada şəhərlə həmin şəhərin ye¬tirdiyi şəxsiyyət arasında mənəvi bağlılıq yaradılır. Müəllif demək istəyir ki, torpağın şöhrəti onun yetişdirdiyi insanlarla ölçülür. “Buxara adı”nın yaşaması “Buxari adı” ilə əlaqələndirilir və beləliklə elm ilə vətən birləşdirilir.

Sonrakı misralarda Termiz və “Termiziləri” ifadəsi işlədilir. Burada müəllif Termizin elm və mənəviyyat mərkəzi olduğunu vurğulayır. “Nur saçırlar” ifadəsi həmin şəxsiyyətlərin xalqın düşüncəsinə işıq verdiyini bildirən metaforadır. Yel obrazı isə zamanın davamlılığını simvolizə edir; yəni onların adı zaman keçsə də yaşayacaq.

Şeirdə Xoca Əhməd Yəsəvinin adı xüsusi məna daşıyır. Şair Yəsəvini Türküstanın mənəvi dayağı kimi təqdim edir. “Türküstan var” deməklə müəllif göstərir ki, belə böyük şəxsiyyətlər ol¬duqca xalqın ruhu da yaşayır.

“Amudəryaları əbədi, əzim” misrasında Amudərya çayı əzəmət və davamlılıq rəmzinə çevrilir. Ardınca çəkilən Mənquverdi adı çox güman ki, Cəlaləddin Mənquberdiyə işarədir. Şair onun simasında qəhrəmanlıq və vətən uğrunda mübarizə ruhunu tərənnüm edir.

Sonda müəllif Vətənə birbaşa müraciət edir. Burada Vətən canlı varlıq kimi təqdim olunur. “Başdan ayağa ruh və yad” ifadəsi vətənin tarix, xatirə və mənəviyyatla bütövləşdiyini bildirir. Son misralarda isə əsas fikir ümumiləşdirilir: böyük tarixə və böyük insanlara sahib olan xalqın adı heç vaxt silinməz.

Şeirin dilində yüksək pafos, qürur və mənəvi ucalıq hiss olunur. Müəllif tarixi şəxsiyyətləri sadalamaqla kifayətlənmir; onların vasitəsilə milli yaddaşın və mədəni davamlılığın əbədiliyini göstərir.

***

Siracəddin Səyyidin “Təriqət torpağı” adlı şeiri dərin sufi-fəlsəfi məzmun daşıyan poetik nü¬munədir. Şair “təriqət torpağı” anlayışı ilə adi torpaqdan deyil, mənəviyyatla yoğrulmuş müqəd¬dəs məkandan danışır. Burada torpaq həm maddi dünya, həm də insan ruhunun simvoludur. 

Alovları kül çıxar,

Xəzanları gül çıxar.

Lay-lay, qat-qat torpaq deyil,

Yer altından dil çıxar. 

Şeirin əsas ideyası insanın həqiqəti uzaqda yox, öz daxilində tapması və mənəvi kamilliyə çatmasıdır.

***

Siracəddin Səyyid “İki ulduz” adlı bir bəndlik şeirində sevgini sadəcə hiss kimi yox, taleyin, zamanın və varlığın mərkəzi kimi təqdim edir. 

Bu axşam mənimdir, bu əyyam mənim,

Bu saqi mənimdir, bu Xəyyam mənim.

Göydə naz eyləsə Sürəyyam mənim,

Yerdə işvə eylər Mühəyyam mənim.

Şeir ilk baxışda klassik Şərq poeziyasının havasını daşısa da, daxilində çox şəxsi və intim bir etiraf gizlənir. Burada “Mühəyyam” obrazının şairin ömür-gün yoldaşına ithaf olunması ehti¬malı misraların emosional yükünü daha da dərinləşdirir.

“Bu axşam mənimdir, bu əyyam mənim” misrası ilə şair zaman üzərində mənəvi hakimiyyət hissi yaşayır. “Axşam” burada sadəcə günün bir vaxtı deyil; ömrün yetkin çağını, dincliyi və sev¬gi¬nin kamilləşdiyi anı ifadə edir. “Əyyam” sözü isə taleyin insana bağışladığı ömür payını sim¬vo¬lizə edir. Şair sanki deyir ki, həyatın mənası artıq onun sevgisində cəmlənib.

Şeirin 1999-cu ildə yazılması da təsadüfi görünmür. Bu tarix şairin daxili yetkinlik dövrünü ifadə edə bilər. Şeirdəki sevgi artıq romantik başlanğıc mərhələsində deyil; sınaqlardan keçmiş, həyatla bütövləşmiş bir hissdir. Məhz buna görə “mənim” təkrarı adi sahiblik yox, ruh yaxınlığının poetik ifadəsinə çevrilir.

***

Siracəddin Səyyid “Pəhlivan Mahmud” şeirində böyük özbək filosofunu yada salır. Pəhlə¬van Mahmud XIII–XIV əsrlərdə yaşamış böyük şair, filosof, maarifçi və sufi şəxsiyyətlərdən biri olmuşdur. O, 1247-ci ildə Xivə şəhərində dünyaya gəlmişdir. Məşhur alim Şəmsəddin Saminin məlumatına görə, Pəhləvan Mahmud yalnız qüvvətli bir döyüşçü deyil, həm də elm və ədəbiyyat sahibi idi. O, müxtəlif ölkələrdə - Əfqanıstan, Hindistan, İran və İraqda keçirilən güləş yarışlarında rəqiblərinə qalib gəlmiş, böyük şöhrət qazanmışdı. Xivə xalqı ona dərin ehtiram göstərir, güləşçilər isə bu gün də yarışlardan əvvəl onun adını hörmətlə anırlar.

Lakin Pəhləvan Mahmudu məşhur edən təkcə fiziki gücü olmayıb. O, daha çox hikmətli şeirləri, ədalətə bağlılığı və azad düşüncələri ilə yadda qalıb.

S.Səyyidin “Pəhləvan Mahmud” şeiri zahirdə tarixi bir şəxsiyyətə müraciət təsiri bağışlasa da, əslində insan ömrünün, zamanın və mənəvi irsin poetik düşüncəsidir. Şair burada Pəhləvan Mahmudu yalnız bir sufi və ya şair kimi yox, əsrlərin ağrısını çiyinlərində daşıyan müd¬rik bir insan obrazında təqdim edir.

Sənin həsrətlərin uzun,

Şeirlərin qısa.

Neçə dilənçi gördün,

Nə qədər sultan gördün.

Nuh min il yaşadı -

Gördü bir tufan.

Sən Nuh olmasan da

Min tufan gördün.

Kimindən taxt qaldı

Kimindən - ad-san.

Səndən miras qalmış beytlər - tüğyanın.

Si¬ra¬cəddin Səyyid Pəhləvan Mahmudu tarixi şəxsiyyətdən daha çox zamanın yaddaşına çevrilmiş bir hikmət adamı kimi təqdim edir. Şeir oxucuda belə bir duyğu yaradır: insanın əsl ömrü yaşadığı illərlə deyil, geridə qoyduğu sözün işığı ilə ölçülür.

***

Siracəddin Səyyidin “Səmərqənddə” şeiri təkcə bir şəhər təsviri deyil; bu əsər tarixlə üz-üzə qalan insanın daxili sarsıntısının, Şərq yaddaşı qarşısındakı mənəvi heyrətinin poetik ifadəsidir. Şair burada Səmərqəndi adi bir məkan kimi yox, keçmişin nəfəs aldığı canlı bir yaddaş məbədi kimi təqdim edir.

Unudub əsrimin dərdi-sərini,

Gəzdin bu şəhərin mədrəsələrin.

Sükunəti qəmgin dinləyər

Hücrələr. Hücrələr. Hücrələr.

Eşiklər. Eşiklər. Eşiklər.

Qapılar tarix tək açılar.

Şeirin ümumi ruhunda dərin tənhalıq, tarixi ehtiram və itirilmiş Şərq mədəniyyətinə qarşı nisgil hiss olunur. Siracəddin Səyyid Səmərqəndi daşlardan qurulmuş şəhər kimi deyil, əsrlərin qəlbi kimi təqdim edir. Burada tarix kitabdan çıxır, nəfəs alır, susur və insanın içində yaşayır.

Bu şeirləri Yaşar Qasımbəyli dilimzə tərcümə edib. Tərcüməçi yalnız sözləri çevirməklə kifayətlən¬məyib, mətnin təsəvvüfi ruhunu, emosional enerjisini və klassik poetik ahəngini qorumağa çalışıb. Bu isə sufi poeziyasının tərcüməsində ən çətin məsələlərdən biridir. 

Bu tərcümə klassik sufi poetikasının semantik qatlarını əsasən qoruyur; Azərbaycan dilinin poetik imkanlarından uğurla istifadə edir; orijinalın ritmini və mistik tonunu yaşadır; həm filoloji, həm estetik baxımdan uğurlu nümunə hesab oluna bilər. 

Ən mühüm cəhət isə budur ki, tərcümə oxucuda “mətn oxumaq” yox, “mistik təcrübəyə daxil olmaq” hissi yaradır. Sufi poeziyasının əsas məqsədi də məhz budur.

***

Siracəddin Səyyidin “Maqsud Şeyxzadə” şeirini Akif Azalp tərcümə edib. Bu şeir bioqrafik, ictimai və fəlsəfi məzmunu birləşdirən poetik elegiyadır. Şeir yalnız bir sənətkarın taleyini deyil, bütövlükdə repressiya dövrü türk ziyalısının faciəsini əks etdirir. Şeir memorial xarakter daşısa da, burada şəxsi xatirə ilə tarixi yaddaş birləşir.

Şeirin əsas mövzusu sürgün və repressiya faciəsi, sənətkar tənhalığı, mənəvi müqavimət,  həqiqi istedadın ölməzliyi ideyaları üzərində qurulmuşdur.

Lirik “mən” bir tərəfdən görkəmli ədib Maqsud Şeyxzadənin taleyini danışır, digər tərəfdən isə bütöv bir nəslin ağrılarını ifadə edir. Şair burada fərdi taleyi ümummilli faciənin simvoluna çevirir.

“Mən bir uşaq idim” misrasının təkrarı xüsusi semantik yük daşıyır. Bu ifadə məsumluğun dağıdılmasını, vaxtsız qocalmanı,repressiyanın insan taleyini yarımçıq qoymasını simvollaşdırır.

Şeirdə Maqsud Şeyxzadənin həyatının əsas məqamları - uşaqlıq travması, sürgün həyatı, Daşkənd illəri, təzyiqlər, tənhalıq,  ədəbi mübarizə poetik şəkildə əks olunur. Əsərdə Maqsud Şeyxzadə sürgünə məruz qalan ziyalı, həqiqət uğrunda əzilən sə¬nətkar, mənəvi müqavimət simvolu kimi təqdim edilir.

Şeirin əsas ideyası budur ki, totalitar sistem insanı fiziki cəhətdən sındıra bilər, lakin böyük sənət və həqiqi mənəviyyat məhv olmur. Buna görə də əsərin finalı faciəli deyil, mənəvi qələbə təsiri bağışlayır.

Akif Azalpin bu tərcümədə əsas uğuru ondan ibarətdir ki, o, Siracəddin Əyyubinin emosi¬o¬nal tonunu və Maqsud Şeyxzadenin faciəli taleyini Azərbaycan oxucusuna canlı və təsirli şəkildə çatdıra bilib. Tərcümə yalnız məzmunun ötürülməsi deyil, həm də ruhun, dövrün və poetik atmos¬ferin qorunması baxımından diqqətəlayiqdir.

***

Siracəddin Səyyidin “Vaxt heykəli” kitabında toplanmış digər şeir və poemalar müasir özbək poe¬ziyasının ideya-estetik istiqamətlərini əks etdirən mühüm ədəbi nümunələrdir. Bu əsərlərdə müəl¬lif yalnız fərdi hiss və duyğuları deyil, həm də zamanın fəlsəfəsini, milli yaddaşı, insanın mənəvi tənhalığını, tarixi ağrıları və türk-müsəlman mədəniyyətinin ortaq dəyərlərini poetik şəkil¬də ifadə edir. Kitabın Azərbaycan dilinə çevrilməsi isə təkcə tərcümə hadisəsi deyil, Azərbaycan–Özbəkistan ədəbi münasibətlərinin inkişafında mühüm mədəni körpü funksiyası daşıyan əhəmiy¬yətli hadisədir. Belə tərcümələr nəticəsində Azərbaycan və Özbəkistan ədəbi mühiti arasında yalnız dil de¬yil, həm də mənəvi-estetik yaxınlıq daha da dərinləşir. 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
525.az

1Mənbələr