Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropada təbii qazın qiyməti İranla razılaşma ümidi ilə ucuzlaşıb.
Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə etdiyi paylaşımda “danışıqların düzgün və konstruktiv şəkildə irəlilədiyini” bildirsə də, ABŞ-nin razılaşma əldə etmək üçün tələsməyəcəyini də vurğulayıb. Bundan sonra etalon fyuçers müqavilələri 6,7 faizə qədər geriləyib.
ABŞ dövlət katibi Marko Rubio da ehtiyatlı nikbin mövqe nümayiş etdirərək bildirib ki, ABŞ diplomatiyaya hər cür imkan verməyə hazırdır. O, Yeni Dehlidə jurnalistlərə açıqlamasında “Dünən gecə bəzi xəbərlər ala biləcəyimizi düşünürdük. Bəlkə də bu gün” deyib.
İranın nüvə proqramının taleyi də daxil olmaqla əsas fikir ayrılıqlarının necə həll ediləcəyi hələ də qeyri-müəyyən olaraq qalır. İranın “Tasnim” xəbər agentliyi ABŞ-nin bəzi mühüm maddələri blokladığı üçün razılaşma layihəsinin iflasa uğraya biləcəyini bildirib.
Avropanın qaz üzrə etalon göstəricisi hesab olunan Niderlandın ən yaxın müddətli fyuçers müqavilələri Amsterdamda 4,9 faiz ucuzlaşaraq hər meqavat-saat üçün 46,32 avroya enib. Böyük Britaniya və qitənin bəzi bölgələrində tətil olması səbəbindən ticarət həcmləri olduqca aşağı səviyyədə qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!