“Harri Potter və Fəlsəfə Daşı” kitabının ilk nəşrlərindən biri İngiltərədə keçirilən hərracda 23 min dollara satılıb. Musavat.com xəbər verir ki, bu barədə “The Mirror” qəzeti məlumatı yayıb.
Qeyd edilir ki, kitabı rəyçi Katrina Maknikol təxminən 30 il əvvəl işlənmiş kitab mağazasından alıb. Lakin onu oxumağa vaxt tapmadığı üçün nüsxə illər boyu toxunulmadan qalıb.
Məhz buna görə kitab demək olar ki, ilkin vəziyyətini qoruyub saxlayıb. Hərracı təşkil edən “Hansons” hərrac evi isə bu nüsxəni “son dərəcə nadir” adlandırıb.
Nəşr xatırladır ki, yazıçı Coan Roulinqin məşhur əsəri ilk dəfə 1997-ci ildə cəmi 13 dollara satışa çıxarılmışdı. İllər sonra isə həmin ilk nəşrlər kolleksiyaçılar üçün qiymətli eksponata çevrilib.
Qeyd edək ki, “Harri Potter” kitabı Azərbaycanda da geniş oxucu auditoriyasına malikdir. Xüsusilə uşaqlar və yeniyetmələr arasında böyük populyarlıq qazanan bu əsərlərə maraq illərdir davam edir. Bununla yanaşı, kitabların yerli bazardakı qiymətləri də tez-tez müzakirə mövzusuna çevrilir. Oxucular arasında qiymətlərin yüksək olması ilə bağlı narazılıqlar səslənir. Belə ki, “Harri Potter”ın ayrı-ayrı cildləri adətən 20–25 manat arasında təklif olunur, bəzi satış məntəqələrində isə qiymət 30 manata qədər yüksəlir. Seriyanın 4–5 cildi birlikdə isə təxminən 90–100 manata satılır.
Afaq Mirayiq,
Musavat.com