AZ

Qazanxana sistemi GERİ qayıdır - YENİ qaydalar, KÖHNƏ suallar...

Nazirlər Kabineti “Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar”ı təsdiqləyib. Yeni qaydalara əsasən, fərdi istilik sistemlərinin quraşdırılmasına yalnız müəyyən hallarda icazə veriləcək. Çoxmənzilli yaşayış binalarında mənzillər üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına yalnız müəyyən hallarda icazə veriləcək.

Bu hallar binanın azmərtəbəli (5 mərtəbəyədək) olması, yerləşdiyi ərazidə qaz təchizatının nəzərdə tutulmaması, eləcə də istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi hallarını əhatə edir.

Halbuki son illərdə tikilən yeni yaşayış binalarının əksəriyyətində fərdi istilik sistemi kimi kombi nəzərdə tutulur. Bu isə həm mövcud kombi sistemi olan binaların gələcəyi, həm də yeni tikililərin layihələndirilməsi və mənzil bazarına mümkün təsirlərlə bağlı suallar doğurur.

Son illərdə Azərbaycanda tikilən çoxmənzilli yaşayış binalarında fərdi istilik sistemləri, xüsusilə kombi, demək olar ki, əsas seçimlərdən birinə çevrilib. Mənzil sahibləri üçün istilik və isti su təminatını fərdi qaydada idarə etmək həm rahatlıq, həm də xərc baxımından üstünlük hesab olunur. Yeni qərar kombi sistemi olan mövcud və planlaşdırılan binalara necə təsir göstərəcək? Bu dəyişiklik tikinti sektoru və mənzil bazarında hansı yeniliklər yarada bilər?

Elnur

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib: “Azərbaycanda ölkənin enerji ehtiyacları ilə bağlı müvafiq qanunvericilik var. Həmin qanunvericiliyə əsasən, yeni istifadəyə verilən çoxmənzilli binalarda fərdi kombi sisteminə yalnız 5 mərtəbəyədək olan binalarda icazə veriləcək. 2025-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiqlənən layihəyə görə, şəhər və qəsəbələrdə mini- qazanxanalar quraşdırılacaq. Həmin mini-qazanxanalar həm yeni yaşayış komplekslərinə, həm də köhnə binalara qoşulacaq. Yeni qərara əsasən, 5 mərtəbədən hündür binalarda kombi istifadəsinə icazə verilməyəcək, lakin həmin binalarda alternativ enerji mənbələrindən istifadəyə şərait yaradılacaq.

Bu o deməkdir ki, gələcəkdə bir çox təkmilləşdirmələrə yol açılacaq. Həmçinin nəzərə almaq lazımdır ki, digər normativ-hüquqi dəyişikliklər də hazırlanır. Gələcəkdə çoxmənzilli binaların pasportlaşdırılması da nəzərdə tutulub. Bu o deməkdir ki, binalar daha ergonomik inşa olunacaq, enerji baxımından daha az itkiyə yol veriləcək. Həmin binaların enerji sinfi yüksək olduqca onlara enerji resursları daha münasib qiymətlə satılacaq. Bununla bağlı da müəyyən müddəalar var. Üstəlik, binaların daha dayanıqlı və uzunömürlü olması ilə bağlı da müvafiq qərarlar qəbul edilir. Yəni, tikinti qanunvericiliyində kifayət qədər yeniliklər var və bu yeniliklərin praktikada necə tətbiq olunacağı müəyyən suallar doğurur”.

Bununla belə ekspert əlavə edib ki, hələlik bu praktika formalaşmadığı üçün qəti fikir bildirmək tezdir: “Çünki fərdi kombi sistemləri indiyədək istilik itkisinə az yol verirdi. Vətəndaş istədiyi dövrdə kombini işə salıb söndürə bilirdi. Yeni qaydada isə yaşayış komleksləri qazanxanalardan asılı olacaq. Yaşayış komplekslərində bu sistem nə dərəcədə səmərəli olacaq? Nə qədər itkiyə yol veriləcək? Hansı yeni texnologiyalar tətbiq olunacaq? Bütün bunlar hələlik təcrübədə olmadığı üçün açıq qalan məsələlərdir. Çünki son 15 ildə bəzi yaşayış komplekslərində tikinti şirkətləri tərəfindən quraşdırılan qazanxanalar özünü doğrultmayıb. Səbəb odur ki, burada istilik ötürülməsi zamanı itkilər çox olub. Daha sonra qazın bir neçə mərhələdə kommersiya yolu ilə bu komplekslərə ötürülməsi də istilik xərclərini çoxaldırdı.

Fikrimcə, müəyyən zaman lazımdır ki, bu qazanxanalar tam işlək vəziyyətə gətirilsin və tikinti şirkətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə onları tətbiq etməyə başlasın. Yəni, bir müddət keçəndən sonra bu qərarların nə dərəcədə effektiv olduğunu daha dəqiq demək mümkün olacaq. Hələlik isə bu barədə qəti fikir söyləmək tezdir.

Kombi sisteminin binada olmaması vətəndaş üçün suallar yaradır: əgər qazanxana aprelin 15-dən söndürüləcəksə, - məsələn, may ayının sonuna qədər hava soyuq keçdi bizdə - bu vəziyyət vətəndaşlar üçün nə dərəcədə əlverişli olacaq? Nə qədər itkilər olacaq, qazanxanalar nə dərəcədə effektiv çalışacaq? Bu texniki suallara hələlik cavab olmadığına görə nə isə demək tezdir”.

Afaq Mirayiq,

Musavat.com

Seçilən
43
musavat.com

1Mənbələr