AZ

Günəş və külək planeti xilas edəcək: Qlobal enerji sistemi nə vaxt yaranacaq?

Pekin Tsinxua Universitetinin tədqiqatçıları göstəriblər ki, 2050-ci ilə qədər dünya texniki baxımdan elektrik enerjisi tələbatını tamamilə bərpa olunan mənbələr hesabına ödəyə bilər.

Ölkə.az xəbər verir ki, "Nature Energy” jurnalında dərc olunan araşdırmaya görə, qlobal enerji sisteminin detallı modeli hazırlanıb. Model dünyanın bütün regionlarının enerji tələbatını saatlıq dəqiqliklə nəzərə alır və onların külək və günəş kimi bərpa olunan texnologiyalarla necə təmin edilə biləcəyini analiz edir. Hesablamalarda həm günəş panellərinin, həm də külək turbinlərinin yerləşdirilə biləcəyi sahələr və istehlak mərkəzlərinə məsafə nəzərə alınıb.

Nəticələrə görə, sıfır emissiyalı qlobal elektrik sistemi üçün 15–20 teravat dəyişkən bərpa olunan enerji gücü (əsasən günəş və külək) tələb olunur. Enerji mənbələrinin 80 faizdən çoxu istehlak mərkəzlərindən 200 km radiusda yerləşəcək.

Eyni zamanda model ciddi məhdudiyyətləri də göstərir: yalnız günəş panellərinin quraşdırılması üçün 9 milyon hektardan çox ərazi lazım ola bilər. Araşdırmada vurğulanır ki, bərpa olunan resursların bolluğu xüsusilə Afrika kimi aşağı gəlirli regionlar üçün enerji əlçatanlığını artıraraq daha ədalətli enerji sisteminə imkan yarada bilər.

Model həmçinin xərclərin azaldılması üçün bir neçə mexanizmi göstərir. Enerji istehlakının idarə olunması (tələbin optimallaşdırılması) illik xərcləri təxminən 182 milyard dollar azalda bilər ki, bu da sistem xərclərinin 6,5 faizinə bərabərdir. Beynəlxalq yüksək gərginlikli ötürmə şəbəkələrinin genişləndirilməsi əlavə 5,6 faiz (təxminən 157 milyard dollar) qənaət yarada bilər. Bərpa olunan enerji texnologiyalarında ticarət maneələrinin aradan qaldırılması isə illik 345 milyard dollarla ən böyük qənaət mənbəyi kimi göstərilir.

Müəlliflər vurğulayırlar ki, sıfır emissiyalı qlobal enerji sistemi yalnız iqlim məqsədlərinə deyil, həm də enerji ədalətinə xidmət edir.(qaynarinfo)

Seçilən
55
11
olke.az

10Mənbələr