Tulsinin istefasından sonra Ağ Ev daxilində qüvvələr balansının dəyişdiyi, Vensin İran siyasəti ilə bağlı mövqeyinin isə daxili gərginliyi artırdığı bildirilir...
ABŞ-də Cey Di Vens Donald Trampın administrasiyasında Tulsinin istefasından sonra daha çox təcrid olunmuş mövqeyə düşüb.
Poliqon xəbər verir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb.
Məlumata görə, Tulsi Qabbardın vəzifədən ayrılmasından sonra Ağ Ev daxilində siyasi balans dəyişib və bu proses Vensin təsir imkanlarına mənfi təsir göstərib. Bildirilir ki, onun İranla bağlı hərbi müdaxiləyə qarşı çıxan mövqeyi administrasiya daxilində fikir ayrılıqlarını daha da dərinləşdirib.
Eyni zamanda qeyd olunur ki, müdafiə və xarici siyasət məsələlərində Marco Rubio-nun mövqeləri daha çox dəstək qazanıb və onun administrasiya daxilində təsirinin artdığı bildirilir.
Mənbələrin iddiasına görə, Vensin ətrafında olan bəzi şəxslər onun 2028-ci il prezident seçkilərində iştirakdan imtina edə biləcəyini də istisna etmir. Səbəb kimi hazırkı administrasiya daxilində yaşanan gərginliklər və mümkün siyasi qalmaqallarla əlaqələndirilmə riski göstərilir.
Analitiklərin fikrincə, Ağ Ev daxilində İran siyasəti ətrafında yaranan fikir ayrılıqları gələcəkdə də Tramp komandasının daxili birliyinə təsir göstərə bilər və bu, həm xarici siyasət qərarlarına, həm də seçki prosesinə birbaşa təsir edən amilə çevrilə bilər.
Poliqon.info