AZ

“Artıq çəkim olduğu üçün arıqlayıb 15 ildən sonra Leylini oynadım”-Zeynəb Xanlarova tamaşadan öncə xanəndəyə nə deyib?-ÖZƏL

“Hər bir xanəndənin arzusudur ki, Leyli obrazını canlandırsın. Bu mənə də nəsib oldu. 15 ilə yaxındır ki, Akademik Opera və Balet Teatrında çalışıram. “Şah İsmayıl” tamaşasında Ərəbzəngi, “Aşıq Qərib”-də Şahsənəm, “Koroğlu”-da xanəndə qız, “Leyli və Məcnun”-da Leylinin anası, “Gəlin qayası” tamaşasında Sənəm obrazlarını canlandırmışam. Bir Leyli obrazı qalmışdı. Şükürlər olsun ki, Allah bunu da mənə nəsib etdi. Premyera çox uğurla və möhtəşəm keçdi. Konsert zalımız anşlaq idi. Boş bir yer belə yox idi. Bunu da böyük uğur hesab edirəm”

Bunu Moderator.az-a açıqlamasında tanınmış xanəndə, Akademik Opera və Balet Teatrının aktrisası Aytən Məhərrəmova deyib. O daha sonra əlavə edib:


“Təbii ki, mənim üçün ən böyük uğur dünya şöhrətli sənətkarımız Zeynəb Xanlarovanın təbriki və xeyir-duası oldu. Leyli olaraq səhnəyə onun xeyir-duası ilə qədəm qoydum. Çox sevincli idim. Bundan əlavə xalq artistləri Nəzakət Teymurova və ustadım Mənsum İbrahimov da mənə xeyir-dua verdilər. Əlbəttə ki, Akademik Opera və Balet Teatrının rəhbərliyi, dünya şöhrətli sənətkarımız Yusif Eyvazov, əməkdar artist Ramil Qasımova təşəkkür edirəm ki, şərait yaratdılar ki, biz bu tamaşanı Heydər Əliyev adına sarayda nümayiş etdirdik. Əlbəttə ki, əməkdar artist Nicat Kazımov tamaşanı yeni quruluşda hazırlamışdı. Dekorasiyalar da fərqli idi. Obraz olaraq da fərqliliklər var idi. Bütün tamaşaçılar-kimdən rəy almışamsa hər kəs tamaşadan danışır. Bir neçə gündür ki, tamaşanın premyerası baş tutub, bu gün də hər kəs mənə zəng edərək bu səhnə əsərinin gözəlliyindən danışır. Bu tamaşanın fərqliliyi ondadır ki, 4 Leyli və 4 Məcnun var. Onların uşağlığı, şeir, qəzəl səsləndirən akktyorlar, daha sonra balet artistləri və daha sonra biz solistlər-Fuad Əlizadə və mən Aytən Məhərrəmova” deyə xanəndə bildirib.


Aytən Məhərrəmova Leyli obrazını gec oynamağının səbəblərindən də danışıb:


“Mən teatra gələndə artıq çəkili idim. Ona görə də Leyli rolunu 15 ildən sonra oynadım. Leyli obrazı üçün uyğun deyildim. Bu tamaşada ana obrazına uyğun idim. Səbəb sadəcə budur. Bunu mənə kənardan kiminsə deməyinə ehtiyac yox idi. Mən özüm görürdüm. İnsan özü bilməlidir ki, mən bu rola uyğunam yoxsa uyğun deyiləm?! Mən artıq çəkili olduğum zamanlarda belə Leyli obrazını mənə versəydilər oynamazdım. Çünki mən özümü orada görmürdüm. Təbii ki, formada olandan sonra təklif gəldi. Bilirsiniz ki, Opera və Balet teatrı istedadlı insanlara qapı açır, dəstək olur. Mənə də həmçinin.. Leyli obrazı da mənim arzum idi və məqsəd qoyub arzuma çatdım” deyə xanəndə bildirib.

Seçilən
19
3
moderator.az

4Mənbələr