ABŞ Sülh Korpusu könüllüləri altı illik fasilədən sonra Ermənistanın “Sünik” (Zəngəzur) bölgəsində fəaliyyətə başlayır. Bununla bağlı rəsmi elan İrəvanda keçirilən andiçmə mərasimində verilib. Yeni qrup çərçivəsində ölkə üzrə təxminən 70 könüllü müxtəlif regionlarda xidmət göstərəcək. Könüllülər növbəti iki il ərzində yerli icmalarda, məktəblərdə və qeyri-hökumət təşkilatlarında ingilis dilinin tədrisi, eləcə də gənclərin inkişafı istiqamətində fəaliyyət aparacaqlar. Rəsmi məlumatlarda bildirilib ki, yerləşdirilmə birbaşa hər hansı yeni infrastruktur layihəsi ilə əlaqəli deyil və bu addım ABŞ-nin Ermənistan-Azərbaycan sülh prosesinə, eləcə də regionun inkişafına verdiyi dəstəyin göstəricisi hesab olunur.

“ABŞ Sülh Korpusu könüllülərinin Zəngəzur vilayətinə göndərilməsi TRIPP layihəsi ilə birbaşa əlaqəli deyil, lakin bu, Amerika tərəfinin sülh prosesinə olan etimadını göstərir”. Bunu “Armenpress”ə ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen bildirib. “Düşünürəm ki, könüllülərin yerləşdirilməsi birbaşa TRIPP layihəsi ilə bağlı deyil. Lakin ötən ilin 8 avqustunda Vaşinqtonda əldə olunan razılaşmalardan və çərçivə sazişinin formalaşmasından sonra Sünik (Qərbi Zəngəzur – red.) vilayətində könüllülərimizi inamla yerləşdirmək üçün əlverişli şərait yarandı”, – amerikalı diplomat qeyd edib. Lakin məsələ təkcə humanitar fəaliyyət və ya ingilis dili tədrisi ilə məhdudlaşmır. ABŞ könüllülərinin məhz Zəngəzur dəhlizi ətrafında yerləşdirilməsi regionda yeni geosiyasi suallar doğurur. Xüsusilə də bu addımın Rusiyanın və İranın maraq dairəsində olan həssas bir bölgədə atılması diqqət çəkir.
Könüllülərin Zəngəzur dəhlizində yerləşdirilməsi bölgəyə nə vəd edir? Bu, Rusiyanın və İranın gözü qarşısında missiya yerləşdirilməsi deyilmi?

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a deyib ki, ABŞ-ın Sülh Korpusu könüllülərin altı illik fasilədən sonra Ermənistanda fəaliyyətə başlamasının bir neçə səbəbi var: "Birincisi, ABŞ Cənubi Qafqazda, o cümlədən Ermənistanda mövqelərini gücləndirməyə çalışır. Ermənistanda 7 iyunda keçirilənək parlament seçkiləri bu ölkənin gələcəyini müəyyənləşdirəcək. Ermənistanın baş naziri Nikol Paşinyan və hökumət üzvləri ölkənin Rusiyanın təsirindən uzaqlaşaraq ABŞ və Avropa İttifaqı ilə yaxınlaşmanın tərəfdarıdır. Radikal müxalifət isə əksinə, Rusiya ilə ittifaqı gücləndirməyin tərəfdarıdır. Bu müxalifət eyni zamanda, Azərbaycanla sülh sazişinin imzalanmasının və “Tramp yolu”nun tikintisinin əleyhinədir. Belə vəziyyətdə aydındır ki, ABŞ Paşinyanın seçkidə qələbə qazanmasına çalışır. Ona görə də Vaşinqton Sülh Korpusu könülllərini Ermənistanda fəaliyyətlərini genişləndirmək qərarını verib”.
Onun sözlərinə görə, ikincisi, Sülh Koprusunun Zəngəzurda fəaliyyətini genişləndirməsi “Tramp yoluna” əlavə dəstək mahiyyəti daşıyır: “Bununla Vaşinqton Ermənistandakı bütün siyasi qüvvələrə mesaj göndərir ki, “Tramp yolu” mütləq reallaşmalıdır".
Xalidə Gəray
Musavat.com