AZ

“İlk 3 ay ərzində əkilən saçların hamısı tökülür” – Saç əkimi zərərlidir?

Son illər saç tökülməsindən əziyyət çəkən insanların tük əkimi əməliyyatına üz tutmaları xeyli dərəcədə artıb. Xüsusilə gənc yaşlarda saç seyrəlməsi yaşayan şəxslər bu üsulu qalıcı həll yolu kimi görür. Lakin prosedurdan sonra saçların töküldüyünü, baş dərisi üçün zərərli olduğunu deyənlər də az deyil. Bu da prosedurun nə qədər effektiv və zərərsiz olması suallarını doğurur.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən saç əkimi mütəxəssisi həkim Vaqif Abdullayevin sözlərinə görə, saç əkimi estetik prosedurdur və bunun üçün pasiyent tam sağlam olmalıdır.

 

O bildirib ki, digər dərmanlarda olduğu kimi burada da istifadə olunan dərmanların müəyyən yan təsirləri vardır: “Saç əkimində adrenalin, anestetik dərmanlardan istifadə edilir. Təbii ki, bunların da bir yan təsirləri ola bilər. Ona görə saç əkimi əməliyyatından öncə pasiyent mütləq analizlərdən keçməlidir. Bu zaman laxtalanma, ürək-damar sistemi, qanın analizi, qanda şəkər, infeksiyalar və s. yoxlanılır. Təbii ki, düzgün icra etməyəndə ziyanlar ola bilər. Götürülən saçların yerlərində çapıqlar qala, əkilən saçlar tutmaya bilər. Bu səbəbdən mütəxəssisi düzgün seçmək lazımdır və düzgün yerdə icra olunmalıdır. Texniki qüsurlar nəticəsində ciddi problemlər yarana bilər. Ona görə pasiyentlər hər halda qiymətə yox, işin keyfiyyətinə fikir verməlidirlər. İşin ucuzuna yox, keyfiyyətli icra olunan yerlərə müraciət edilməlidir”.

 

V.Abdullayev qeyd edib ki, əkilən saçlar tökülmür və ömürlükdür: “Bu haqda bütün ədəbiyyat yazır, praktikada da öz əksini tapıb. Əksər hallarda saç əkimi zamanı donor zona kimi ənsə və gicgah nahiyəsində çıxan saçlardan istifadə edilir. Çünki həmin nahiyələrdə testosteron və dihidrotestosterona həssas olan reseptorlar yoxdur. Ona görə bu saçlar əkildikdən sonra ömürlük qalırlar və heç vaxt tökülmür”.

 

Həkimin sözlərinə görə, saç əkimi üçün bəzən gənc yaşlarda olan pasiyentlər də müraciət edirlər: “Saç əkimi proseduru şəxs 30 yaşı keçibsə, donor zonası uyğundursa, gənc olsa belə 4, 5, 6-cı dərəcəli saç tökülməsi varsa tövsiyə edilir. Eyni zamanda pasiyent estetik kompleks keçirirsə, travma nəticəsində saçlarını itiribsə saç əkilməsi təbii ki, tövsiyə olunur. Saç əkimi, hətta baş dərisi xərçənginin qarşısını alır. Əməliyyat düzgün icra edildiyi zaman sonrakı dövrdə pasiyent həkimin dediyi kimi düzgün qulluq edərsə, effektivliyi yüz faizdir. Əksər hallarda bunu pasiyentə yazılı formada da izah edirik. Pasiyentlər unutmamalıdırlar ki, saç əkimi əməliyyatından sonra saçlar dərhal çıxmır. İlk 3 ay ərzində əkilən saçların yavaş-yavaş hamısı tökülür və 3 aydan sonra çıxmağa başlayır. Saçlar ön nahiyə hesab edilən alın hissəsində 7-8 aya, təpə nahiyəsində isə 14-16 aya tam formada çıxır”.

 

Şəhanə Quliyeva

Tarix: 26 May 2026, 08:08   
Seçilən
49
pravda.az

1Mənbələr