AZ

Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI – Bakıdan CAVAB

“Azərbaycan həbslərin sayına görə Türkiyədən sonra ikinci yerdədir”. Bu barədə Avropa Şurasının hesabatında deyilir. Hesabatda hər 100 min nəfərə 271 məhbus düşdüyü qeyd olunub. Xəbəri BBC-nin Azərbaycan xidməti yayıb. Siyahıda ardınca Moldova, Gürcüstan və Macarıstan gəlir. Avropa Şurası Nazirlər Komitəsinin R(99)22 saylı tövsiyəsində də vurğulanır ki, həbsxanalarda doluluq artımı həm insan hüquqları, həm də sistemin effektivliyi baxımından ciddi risk yaradır. Bu yanaşmaya görə, problemin həllində birdəfəlik amnistiya tədbirlərindən daha çox daimi işlək hüquqi mexanizmlər - xüsusilə şərti azad etmə və alternativ cəza tədbirləri - əsas rol oynamalıdır. Avropa Şurası həbsxanalarda sıxlığı nəzərdə tutaraq bu hesabatı hazırlayıb. Qeyd edək ki, bundan əvvəl hüquq müdafiəçiləri, vəkillər həbs-qətiimkan tədbirlərinin az seçilməsinə çağırış ediblər. Bu baxımdan, həbsxanalarda sıxlığı azaltmaq üçün hansı addımlara gedilməlidir? Avropa Şurası qərəzlidirmi?

Vəkil Cavad Cavadov Musavat.com-a bildirib ki, “SPACE I” hesabatına əsasən Azərbaycanda hər 100 min nəfərə 271 məhbus düşür: “Bu göstərici ilə ölkəmiz Avropa Şurası məkanında yalnız Türkiyəni geri qoyur. Türkiyədə bu rəqəm 458, Moldovada 245, Gürcüstanda 232, Macarıstanda isə 206 olaraq qeyd edilir. Avropa Şurasının ümumiləşdirilmiş statistik çərçivəsində Azərbaycan yüksək məhbus sıxlığı olan ölkələr arasında ikinci pillədə göstərilir. Ədliyyə Nazirliyinin məlumatına görə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində tətbiq edilən amnistiya aktı nəticəsində 5 min 348 məhkum müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilib, 3 min 555 nəfərin isə cəza müddəti 6 ay azaldılıb. Çox güman ki, Avropa Şurasının hesabatının hazırlanması prosesi amnistiya aktından əvvələ təsadüf edib. Ona görə də hesabatda amnistiya aktında sonrakı durum hesabatda əksini tapmayıb”.

Cavad

C.Cavadov hesab edir ki, amnistiya kimi kollektiv tədbirlər müvəqqəti yüngülləşmə yaratsa da, problem aradan qaldırmır: “Bu rəqəmlər göstərir ki, məsələ təkcə amnistiya və ya humanist aktlarla həll olunacaq səviyyədə deyil. Hətta geniş amnistiya tədbirləri fonunda belə Azərbaycan Avropada yüksək göstəricilərlə qalır. Bu isə cəza siyasətində sistemli problemin olduğunu göstərir”. Onun fikrincə, əsas səbəblərdən biri məhkəmələrin həbs cəzasına və həbs qətimkan tədbirinə üstünlük verməsidir: “Həbs istisna tədbir olmalı olduğu halda, praktikada çox vaxt əsas vasitəyə çevrilib”.

Vəkil məhbus sayının yüksək qalmasının digər əsas səbəbi kimi şərti olaraq vaxtından əvvəl azadetmə institutunun effektiv işləməməsini göstərir. Onun sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulsa da, praktikada bu mexanizm müxtəlif formal və qeyri-formal məhdudiyyətlər altında qalır: “Çoxpilləli razılaşdırma sistemi, müəssisə rəyləri və əlavə nəzarət mexanizmləri nəticəsində bu institut faktiki olaraq daraldılıb. Nəticədə hüquqi baxımdan şərtlər ödənilsə belə, azadlığa çıxma avtomatik olmur”. Cavad Cavadov deyib ki, Azərbaycanın yüksək həbs göstəricisi təkcə cinayətkarlıq səviyyəsi ilə izah oluna bilməz: “Burada məhkəmə təcrübəsi, cəza siyasəti və penitensiar mexanizmlərin işləmə forması əsas faktor kimi çıxış edir. Amnistiya və əfv aktları müəyyən yumşalma yaratsa da, problem qalıcı şəkildə həll olunmur. Əsas çıxış yolu isə cəza sistemində balansın dəyişdirilməsidir”.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
76
musavat.com

1Mənbələr