AZ

Şirkət əməkdaşını döyən qardaşlarla bağlı məhkəmə qərarı açıqladı

Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Zamin Həmidov və qardaşı Rasim Həmidovun (hər ikisinin adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti qismən təmin olunub, Şirvan Apellyasiya Məhkəməsinin qərarı Zamin Həmidova cəzanın təyin edilməsi hissəsində dəyişdirilib, ona 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərarının 3.1-ci bəndinə əsasən Zamin Həmidova təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 1 il 5 ay 3 gün hissəsi 6 ay azaldılıb və həmin tarixə onun çəkilməmiş cəzası 11 ay 3 gün müəyyən olunub.


Məhkəmə hökmü ilə təqsirləndirilən şəxs X3 torpaq sahəsində baş vermiş insident zamanı qrup halında xuliqanlıq etməkdə və zərərçəkmiş şəxsə az ağır xəsarət yetirməkdə təqsirli bilinib.


İttihama görə, hadisə 2023-cü ildə Beyləqan rayonu, Şərq qəsəbəsi ərazisində yerləşən və MMC-lərdən birinə məxsus torpaq sahəsində baş verib.


Belə ki, həmin vaxt MMC-yə məxsus traktorlar icarə müqaviləsi əsasında istifadə edilən ərazidə əkin işləri üçün torpağın şumlanmasını həyata keçirib. Təqsirləndirilən Zamin Həmidov qardaşı Rasim Həmidovla birlikdə traktorların işlədiyi sahəyə gələrək torpağın şumlanmasının qarşısını almağa çalışıb.


Müəyyən edilib ki, onlar bir qrup şəxs halında hərəkət edərək özlərini ətrafdakılara qarşı qoyub, ərazidə olan şəxslərə açıq hörmətsizlik nümayiş etdirib, cəmiyyətdə formalaşmış birgəyaşayış və davranış qaydalarını kobud şəkildə pozublar.


İş üzrə materiallara əsasən, hadisə zamanı torpaq sahəsinin şumlanmasını tələb edən MMC-də sahə briqadiri vəzifəsində çalışan Z.Z. (adı, soyadı şərtidir) və digər əməkdaşlarla tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Zamin zərərçəkmiş Z.Z.-nin üzərinə hücum edib. O, əlində istintaqa məlum olmayan, silah qismində istifadə edilən predmetlə zərərçəkmiş şəxsə bir neçə dəfə zərbə endirib.


Zərbələrin təsirindən Z.Z yerə yıxılıb. Bundan sonra Zamin xuliqanlıq hərəkətlərini davam etdirərək eyni predmetlə zərərçəkmiş şəxsin kürək nahiyəsinə də bir neçə dəfə zərbə vurub.


Hadisə nəticəsində zərərçəkmiş şəxsə qaşüstü nahiyədə əzilmiş yara, burun nahiyəsinin yumşaq toxumalarının əzilməsi, fraqmentləri yerini dəyişmiş qapalı burun sümüyü sınığı, eləcə də kürək nahiyəsinin qançırı kimi xəsarətlər yetirilib.


Ekspertiza rəylərinə əsasən, həmin xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və sağlamlığa az ağır zərərvurma kateqoriyasına aid edilib.


İş materiallarında göstərilib ki, hadisə zamanı qrupun digər üzvü olan Rasim də xuliqanlıq hərəkətlərində iştirak edib.


Belə ki, o, idarə etdiyi özünə məxsus “VAZ-21214” markalı avtomobillə şumlama işləri aparan və MMC-yə məxsus olan “MTZ 1221.2” markalı traktorun qarşısını kəsib. Daha sonra Rasim avtomobildən düşərək əlindəki, istintaqa məlum olmayan silah qismində istifadə edilən predmetlə traktorun arxa alın şüşəsinə bir neçə dəfə zərbə endirib.


Nəticədə traktorun şüşəsi sındırılıb və MMC-yə 100 manat məbləğində maddi ziyan vurulub.


Beyləqan Rayon Məhkəməsinin hökmü ilə Zamin Həmidov 2 il 11 ay 28 gün və Rasim Həmidov isə 1 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum edilib və onlar dərhal məhkəmə iclas zalından həbs olunub. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, Rasim Həmidova şərti cəza verilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.


Kamal Məmmədov 

Tarix: 26 May 2026, 08:31   
Seçilən
41
pravda.az

1Mənbələr