AZ

Bakı yenidən qlobal enerji və logistika mərkəzinə çevrilir

44 ölkədən yüzlərlə şirkət Bakı Enerji Həftəsində iştirak edəcək

İyunun 1-3-də Bakı yenidən qlobal enerji dialoqunun əsas mərkəzlərindən birinə çevriləcək. Xəzər regionunun ən nüfuzlu enerji tədbirlərindən hesab olunan 31-ci Bakı Enerji Həftəsi dünyanın aparıcı enerji şirkətlərini, dövlət qurumlarını, investorları və sənaye mütəxəssislərini bir araya gətirəcək. Ənənəvi olaraq enerji sektorunun  aktual məsələlərinin və perspektivlərinin müzakirə olunduğu platformada ən son yeniliklər də nümayiş etdiriləcək. 

Bakı Enerji Həftəsi üç əsas tədbiri birləşdirir -31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci Baku Enerji Forumu. Sərgilər "Bakı-Ekspo" Mərkəzində, forum isə Bakı Konqres Mərkəzində keçiriləcək. Məhz bu kontekstdə dünən Bakı Enerji Həftəsi və "TransLogistica Caspian" - 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisinə həsr olunmuş mətbuat konfransında çıxış edən rəsmilər və təşkilatçı qurumların nümayəndələri builki enerji həftəsinin əsas prioritetləri, beynəlxalq iştirakçılar və müzakirə olunacaq mövzular barədə məlumat verdilər. Qeyd olundu ki, Bakı Enerji Həftəsi enerji sahəsində regional əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm platforma hesab olunur. Uzun illərdir ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) baş tərəfdaş qismində çıxış edir.

Tədbirdə çıxış edən  "Caspian Event Organisers" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə söylədi ki, builki "Baku Energy Week"də artıq dünyanın 44 ölkəsindən 274 şirkət iştirakını təsdiqləyib: "Tədbirin iştirakçı coğrafiyası kifayət qədər genişdir və Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Bölgəsi, Fransa, Hindistan, Filippin, Gürcüstan, İordaniya, İspaniya, İsveçrə, İtaliya, Lüksemburq, Qətər, Qazaxıstan, Kanada, Litva, Macarıstan, Misir, Moldova, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya və digərlərini əhatə edir. Almaniya və Rusiya Bakı Enerji Həftəsində milli pavilyon ilə təmsil olunur".

"Bakı Enerji Forumunun ilk günündə D-8 üzv dövlətlərinin enerji nazirlərinin 1-ci görüşü baş tutacaq", - deyə Energetika Nazirliyinin İctimaiyyətlə əlaqələr və rəqəmsal idarəetmə şöbəsinin müdiri Amil Həsənov  bildirdi ki, Bakı Enerji Forumu bir sıra mühüm yeniliklərlə yadda qalacaq. Forumun ilk günündə D-8 üzv dövlətlərinin energetika nazirlərinin ilk görüşü keçiriləcək. Əvvəlki illərdən fərqli olaraq forumun rəsmi açılış mərasimi iyunun 1-də "Bakı-Ekspo" Mərkəzində baş tutacaq, daha sonra iştirakçılar əsas müzakirələr üçün Bakı Konqres Mərkəzinə yollanacaqlar.

Amil Həsənov qeyd etdi ki, forumun gündəliyi kifayət qədər zəngindir. Tədbir çərçivəsində yüksəksəviyyəli görüşlər, layihə təqdimatları, xüsusi sessiyalar və paralel forumlar təşkil olunacaq. Forum enerji sektorunun qarşısında duran aktual çağırışlar, yeni imkanlar və qlobal transformasiya prosesləri ətrafında geniş müzakirə platforması rolunu oynayacaq.

Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika - "TransLogistica Caspian" sərgisinin layihə rəhbəri Ləman Ağayevanın da fikirləri konfrans iştirakçıları üçün maraqlı oldu. O bildirdi ki, region üçün strateji əhəmiyyət daşıyan "TransLogistica Caspian" - 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi keçiriləcək. Üç gün davam edəcək sərgidə Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Çin, Gürcüstan, Türkiyə, Rusiya, Litva və Lüksemburqdan olan şirkətlər iştirak edəcək: "Yükdaşıma və logistika xidmətləri sektoru "Abşeron Logistika Mərkəzi", Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyası, "Aznur Logistics", "GLT Transport", "Heritus Logistics", "Sara Logistics", "Yüktaksisi.az" MMC, Çindən CHANGSHA TRANSASIA TRANSPORT INTERNATIONAL LOGISTICS CO. LTD və digər şirkətlər tərəfindən təmsil olunacaq. Sərgidə həmçinin dünya miqyasında nəqliyyat və logistika sahəsinin lider şirkətlərindən biri olan "Mediterranean Shipping Company" (MSC) də iştirak edəcək. Bununla yanaşı, Belarusun Nəqliyyat və Kommunikasiya Nazirliyi və Belarus Dəmir Yolları da tədbirdə iştirak edəcək".

Qeyd edək ki, "TransLogistica Caspian" sərgisinin təşkilatçıları "Caspian Event Organisers" şirkəti və onun beynəlxalq tərəfdaşları olan "ICA Events" və "Cem FZ LLC" şirkətləridir.

Z.NADİRQIZI,

"Azərbaycan"

Seçilən
41
azerbaijan-news.az

1Mənbələr