AZ

Ev pişikləri xərçəngin müalicəsində yeni üsulların hazırlanmasına kömək edə bilər

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ev pişikləri insanlarda xərçəngin müalicəsi üçün yeni yanaşmaların hazırlanmasında mühüm rol oynaya bilər.

Bizimyol.info xəbər verir ki, bu nəticəyə Qvelf Universitetinin alimləri heyvanlarda şişlər üzərində apardıqları genişmiqyaslı genetik araşdırmadan sonra gəliblər.

Araşdırma çərçivəsində mütəxəssislər müxtəlif ölkələrdən olan ev pişiklərinə aid təxminən 500 şiş nümunəsini analiz ediblər. Tədqiqat göstərib ki, xərçəngin inkişafı ilə əlaqəli bir çox genetik mutasiya pişiklərdə, itlərdə və insanlarda üst-üstə düşür.

Alimlər xüsusilə FBXW7 geninə diqqət yetiriblər. Bu gen pişiklərdə süd vəzi şişlərində ən çox dəyişiklik müşahidə olunan gen olub. İnsanlarda da eyni mutasiyalar xəstəliyin daha aqressiv gedişi və əlverişsiz proqnozla əlaqələndirilir.

Tədqiqatçılar qeyd edirlər ki, pişiklər də insanlar kimi süd vəzi, qan, dəri, ağciyər, sümük və mədə-bağırsaq sistemi xərçənglərinə meyllidirlər. Bu isə onları onkoloji xəstəliklərin inkişaf mexanizmlərinin öyrənilməsi üçün uyğun modelə çevirir.

Əlavə maraq doğuran məqamlardan biri də ətraf mühitlə xərçəng riski arasında mümkün əlaqə olub. Çünki pişiklər insanlarla eyni şəraitdə yaşayır və oxşar təsir faktorlarına məruz qalırlar.

Alimlər həmçinin müəyyən ediblər ki, bəzi kimyaterapiya preparatları konkret mutasiyalara malik şişlərə qarşı xüsusilə təsirli ola bilər. Bu isə həm heyvanlar, həm də insanlar üçün daha fərdiləşdirilmiş müalicə üsullarının hazırlanmasına yol açır.

Tədqiqat müəlliflərinin fikrincə, əldə olunan nəticələr baytarlıq və tibbi elmlərin sıx əməkdaşlığını nəzərdə tutan “Vahid Sağlamlıq” konsepsiyasını dəstəkləyir və xərçəngin diaqnostikası ilə müalicəsində yeni metodların inkişafına töhfə verə bilər.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
83
bizimyol.info

1Mənbələr